İQNA – İraqın bir universitet müəllimi yazır: "İslam irsini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyan Rəzəvi dövrünün mədəni açılışı astanasında İmam Rza (ə) alimlər və ravilər nəsli yetişdirməklə Xorasanda elə bir canlı məktəb qurdu ki, o, "Səhifətur-Rza"dan tutmuş etirazların (ehticac) genişliyinə qədər orijinallığın keşikçisi və gələcək İslam sivilizasiyasının memarı oldu."
“İQNA”-nın "Əl-Huda"ya istinadən verdiyi məlumata görə, İraqın Vasit Universitetinin müəllimi Sədisə Həllavi Humud yazısında bildirir:
"İmam Rza (ə) İslam ümmətinin İslam dünyasına yeni daxil olan və İslam sivilizasiyasının qurulmasında iştirak edən xalqların irsini qəbul etdiyi bir dövrdə yaşayırdı. Onun dövründə bu mədəni açılış öz zirvəsinə çatmışdı; elə bir həddə ki, əgər İslam mədəniyyətinin orijinallığını düşünənlər buna bir şəkildə qarşı durmasaydılar, İslam mədəniyyəti yad mədəniyyətlərdə əriyib yox olmaq təhlükəsi ilə üzləşəcəkdi.
İmam Rza (ə) bu təhlükəni düzgün dərk etdi və ona qarşı dayandı. O, İslam irsinin qoruyucusu olan bir alim nəsli yetişdirdi; düzgün İslam düşüncəsini bütün İslam dünyasına yaymaq vəzifəsini öhdəsinə götürən və bu mesajı dünyaya çatdıracaq nəsillər tərbiyə edən insanlar."
Canlı Rəzəvi məktəbi
Bu səylərin bəhrəsi Xorasanda canlı və dinamik bir məktəb oldu; misilsiz təbliğati ölçülərə malik alimlər və ziyalılardan ibarət bir məktəb. Bu məktəb İmam Rzanın (ə) canlı irsinin bir hissəsi və onun zəngin irsinin fərqli bir tərəfi hesab olunur.
Mövcud mənbələrə görə, İmam Rzanın (ə) ravilərinin sayı 319 ilə 367 nəfər arasında dəyişir. Onlar bu məktəbin şagirdləri və məzunları idilər. "Müsnədi-İmam Rza"nın müəllifi (Şeyx Əzizullah Ətaridi) bu rəqəmi 319 hesab etmiş və müsnəd rəvayətlər silsiləsində gələn hər biri haqqında qısa məlumat vermişdir. Şeyx Tusi İmamın (ə) 315 səhabəsinin adını çəkmiş, iraqlı şiə tədqiqatçısı Şeyx Baqir Şərif Qurəşi isə onların sayının 367 nəfərə çatdığını qeyd etmişdir.
"Müsnədi-İmam Rza"ya (ə) qısa bir nəzər, İmamın məktəbinin tendensiyaları və onun dövrünün elmi və əxlaqi xüsusiyyətləri haqqında ümumi bir təsəvvür yaradır. Bundan əlavə, bu, Əhli-beyt (ə) imamlarının yaxın və uzaq gələcək üçün hazırladıqları xüsusi hazırlığı üzə çıxarır; hər kəs onlardan qalan mətnlərə və bunların Əhli-beyt (ə) davamçılarının qarşısındakı parlaq üfüqlərə yönəldilməsinə diqqət yetirsə, bu hazırlığı yaxşı dərk edər.
Elmi çiçəklənmə və ravilərin artması
Bu dövrdə Əhli-beyt (ə) şiələrinin elmi fəaliyyəti artdı və kitab yazmaq, qeyd etmək, dərslər vermək və rəvayət etməklə özünü göstərdi. Bu, həmin dövrdə tanınan bütün elm sahələrini əhatə edirdi. Əhli-beyt (ə) məktəbi və digər İslam məzhəblərinə bağlı fəqihlərin və ravilərin sayı nəzərəçarpacaq dərəcədə artdı; bu məsələ İmam Rzanın (ə) ravilər siyahısının hər yerində görünür.
Bu siyahı onların İmam Rzanın (ə) məktəbindən — öz dövrünün bu təbliğati məktəbindən — bilik öyrənməyə olan həvəslərini göstərir; xüsusilə də onların elmi səviyyələrinin müxtəlifliyi, torpaqların rəngarəngliyi və elmi maraqlarının fərqliliyi nəzərə alınarsa ki, bu da ondan nəql olunan rəvayətlərin suallarının və mövzularının müxtəlifliyində özünü büruzə verir.
Bundan əlavə, İmam Rzanın (ə) rəvayətləri onun böyük babası İmam Sadiqin (ə) bəzi şagirdləri, atası İmam Musa Kazımın (ə) bəzi şagirdləri və həmçinin onun dövrünün bir qrup alimi tərəfindən nəql edilmişdir. Onun ən mühüm səhabələrinin və ravilərinin tərcümeyi-halları da tədqiqatçıların ixtiyarındadır; çünki biz inanırıq ki, bu bioqrafiyalar İmam Əli ibn Musa Rzanın (ə) məktəbi haqqında aparılan tədqiqatların tamamlayıcı hissəsidir və onun elmi həyatının, eləcə də İslam dünyasına, xüsusilə İslamın şərqinə olan intellektual və sivilizasiya təsirinin mühüm tərəfini üzə çıxarır.
Səhifətur-Rza; Nəbəvi xəzinə
İmam Rzanın (ə) ən mühüm əsərlərindən biri "Səhifətur-Rza" adlı şərəfli risalədir ki, bir qrup ravi onu "Müsnədi-İmam Rza" adlandırmışdır. Bu ad kitabın yüksək məqamına daha yaxındır, çünki o, İmamın (ə) öz babası Allahın Rəsulundan (s) və böyük əcdadları olan Əhli-beytdən (ə) rəvayət etdiyi xəbərləri ehtiva edir. Bir qrup tədqiqatçı bu risalənin İmam Rzaya (ə) aid olduğunu təsdiqləmişdir.
Bu əsər, hər halda, peyğəmbərlik xəzinələrindən bir xəzinə və Əhli-beytin (ə) ali irsidir və sənəd silsiləsi baxımından şərəf və əzəmətin zirvəsinə çatmışdır.
İmam Rzanın (ə) irsi Əhli-beyt (ə) irsinin əzəmətini, onun məqsədlərinin və intellektual-elmi sahələrinin rəngarəngliyini nümayiş etdirən tam bir nümunədir; həm İslam mədəniyyətinin orijinallığını qorumağa kömək edən, həm də gələcək nəsillər üçün sivilizasiya təməli qoyan canlı bir irs."
4369528