IQNA

Fələstin xalqından İsrailə İran silləsi - Təhlil

12:17 - May 14, 2021
Xəbər sayı: 3489820
İsrailin Qüdsə və Əqsa məscidində insanlığa sığmayan təxribatı və Şeyx Cərrah məhəlləsindəki məskunlaşma siyasəti nəticəsində yaranan gərginlik, silahlı qarşıdurma artıq bir neçə gündür ki davam edir.

İsrail rejiminin Qüds şəhərindəki Əqsa məscidində insanlığa sığmayan təxribatı və Şeyx Cərrah məhəlləsindəki məskunlaşma siyasəti nəticəsində yaranan gərginlik, silahlı qarşıdurma artıq bir neçə gündür ki davam edir.

İsrail polisinin vəhşiliyini dayandırmaması və fələstinli müsəlmanlara qarşı qeyri-insani addımları HƏMAS təşkilatı və onun hərbi qanadlarını hərəkətə keçirdi.

Bunun nəticədir ki, İsrail 1973-cü ildən bu yana ən böyük kabusunu yaşadı və Fələstin xalqının cavab atəşi ilə çıxılmaz vəziyyətə düşdü.  

İsrail tərəfinin rəsmi məlumatalarına görə, fələstinli hərbi briqadalar tərəfindən bir neçə gün ərzində İsrailə 1600 raket atılıb. İsrailin dünyada illərdir öyündüyü “Dəmir günbəz” raketdən müdafiə sistemi isə ilk dəfə öz iflasını yaşayıb.

Belə ki, fələstinli döyüşçülərin istifadə etdiyi 45 kilometrlik "Bədr-3" raketlərinin bir çoxu İsrailin hava hücumundan müdafiə kompleksi tərəfindən vurulsa da, hədəfə çatan raketlər də az olmayıb.

Bunun nəticəsidir ki, başda Təl-Əviv olmaqla, Aşkelon və digər ərazilər alov içində yanıb.

Raketlərin düşdüyü yerlər arasında müxtəlif binalar, hərbi maşınlar, silah və neft anbarı, o cümlədən Bir əs-Səbada (Beer-Şeva) "F-35" hərbi təyyarələrin yerləşdiyi "Nəvatim" hərbi bazası olub.  

İsrailə atılan raketlər mövzusunda Təl-Əvivi hiddətləndirən və çarəsiz buraxan sual HƏMAS-ın bu raketləri nə vaxt və necə əldə etməsidir.

Bu sualın sadə cavabı Fələstinin müqavimət hərəkatlarının İran İslam Respublikası tərəfindən hərbi yardımlarla təchiz edilməsidir.

Məhz buna görədir ki, Fələstinin "İslami Cihad" hərəkatının hərbi komandirlərindən biri mətbuata açıqlamasında İsrailə atılan "Bədr-3" raketlərinə görə İran və müqavimət cəbhəsinə təşəkkürünü bildirib.

Tehranın göstərdiyi dəstək ən müasir silahlarla təchiz edilmiş İsrail qarşısında Fələstin xalqına üstünlük və Təl-Əvivin cinayətlərinə cavab vermək imkanı verdi.

Fələstinin müqavimət hərəkatlarına olunan yardım, raketlərin göndərilməsi və ya onların elə Qəzza ərazisində istehsalı Qasim Süleymani ilə əlaqələndirilir.

Məhz İranın İnqilab Keşikçilər Korpusunun Qüds briqadasının şəhid olmuş komandiri, general Süleymaninin İsrailin apardığı kəşfiyyata rəğmən, Qəzzadakı müqavimət hərəkatlarını lazımi qədər silah-sursatla təmin etdiyi güman edilir. Elə bu səbəbdən İsrailə atılan raketlər və onlardan bəzisinin hədəfə dəyməsi, Fələstin xalqının İsrailə İran silləsi kimi qiymətləndirilir.  

İsrailin Fəslətin xalqı üzərində yeganə üstünlüyü müasir silah və texnika olduğu üçün Qəzzada insan dramı yaşanır. Fələstin Səhiyyə Nazirliyi açıqlayıb ki, İsrailin 10 may tarixindən Qəzzanın müxtəlif bölgələrinə etdiyi hücumlar zamanı 27-si uşaq və 11-i qadın olmaqla, 103 fələstinli həlak olub və 580-ə yaxın sadə vətəndaş isə yaralanıb.

Qəzzadakı insan dramı ilə bağlı beynəlxalq təşkilatlar da həyəcan təbili çalıblar. "Human Rights Watch" təşkilatı hesab edir ki, İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr zamanı günahsız mülki vətəndaşların qətliamı baş verir.  

Qeyd edək ki, Fələstinin müqavimət hərəkatları hazırda dünyanın ən güclü və müasir silahlarına malik İsrailin ordusu ilə mübarizə aparır. Nəzərə almaq lazımdır ki, ABŞ hökuməti hər il İsrailə 3 milyard dollardan çox hərbi yardım verir. İsrail qurulduğu gündən bəri ABŞ Təl-Əvivə 146 milyard dollardan çox yardım edib. Bütün bunun qarşılığında Fələstin xalqının apardığı mübarizə dünyada müqavimət tarixinin yazılmasını göstərir. İsrailin yürütdüyü işğal siyasəti və həyata keçirdiyi qətliam gec-tez onun məğlubiyyəti ilə yekunlaşacaq. Bu işdə Fələstin xalqına müsəlman dövlətlərin yekdil dəstək göstərməsi də əsas şərtlərdən biridir.  

İsrailin Qüdsdəki cinayətləri və Qəzzaya hücumlarına ən böyük reaksiyanı göstərən ölkələrdən biri də Türkiyədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İsrailin Qüds, Qəzza, Əqsa məscidi və fələstinlilərə qarşı hücumları ilə hüquqa zidd addımlarına qarşı addımlar atılması üçün fəaliyyətini davam etdirdiyini qeyd edərək, beynəlxalq cəmiyyətin İsrailə güclü və tutarlı dərs verməsinin vacibliyini önə çəkib. 

Əli Xəzəri

eastnews.org

captcha