Zaman keçdikcə HƏMAS-ın həyata keçirdiyi Əqsa tufanı əməliyyatı və sionist rejimin mülki yaşayış məntəqələrini bombalamasından sonra Qəzza misli görünməmiş humanitar fəlakətlə üzləşdi.
Digər tərəfdən, dünya arenasında atəşkəsin əldə edilməsi və məhbusların azad edilməsi istiqamətində səylər ləng gedir. Reuters Qətərin üç həftədən artıqdır ki, pərdəarxası diplomatik səylər göstərdiyini yazıb.
ABŞ-ın Texas ştatındakı Hyuston Universitetinin proqram direktoru və Yaxın Şərq tədqiqatları üzrə köməkçi ustadı İmran Əl-Bədəvi həm də bu universitetdə ərəbşünaslıq proqramının yaradıcısıdır.
O, eyni zamanda dünyada bu tipli ilk elmi birlik olan Beynəlxalq Quran Tədqiqatları Assosiasiyasının (IQSA) qurucu baş direktorudur.
Bədəvi, ərəb və ingilis dillərində bir neçə məqalə yazmışdır. O, araşdırmalarında Yaxın Şərq və İslam sivilizasiyalarını hərtərəfli araşdırır. O, Rutgers Universitetində Kompüter Elmləri üzrə bakalavr dərəcəsi və Çikaqo Universitetində Yaxın Şərq Dilləri və Sivilizasiyaları üzrə doktorluq dərəcəsinə malikdir.
İmran Əl-Bədəvinin "İQNA"-ya müsahibəsi:
"İQNA"- Əl-Əqsa tufanı əməliyyatının başlamasından üç həftədən çox vaxt keçdikdən sonra işğal olunmuş Fələstin və Qəzza ərazilərindəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Bu gün Qəzzada fələstinlilərin vəziyyəti yer üzündə cəhənnəmdir. Beynəlxalq hüquq qrupları İsrailin Qəzzanı üç həftədən artıq fasiləsiz bombalamasını, o cümlədən quru və dəniz hücumlarını soyqırım kimi qiymətləndirir. Yanacaq, su və ərzaq kəsilib, Qəzza zolağının şimalında və mərkəzində çoxlu binalar, yollar və infrastruktur tamamilə məhv edilib. Oktyabrın 27-dən Qəzza ilə əlaqə kəsilib. Bu arada BMT əməkdaşları, həkimlər, jurnalistlər, HƏMAS-ın əsir götürdüyü məhbuslar və çoxlu sayda qadın və uşaq da daxil olmaqla mülki əhali arasında itkilər günü-gündən artır.
İQNA- İsrailin Qəzzaya hücumu başlayandan bəri gündəmə gələn məsələlərdən biri də humanitar problemlər və mülki şəxslərə yardımın çatdırılmasının mümkünsüzlüyü olub. Sizcə, beynəlxalq ictimaiyyət bununla bağlı nə etməlidir?
- Münaqişənin əvvəlində BMT Təhlükəsizlik Şurası iki ayrı atəşkəs qətnaməsi və yaralılara, köçkünlərə və aclıqdan əziyyət çəkən fələstinlilərə yardım üçün humanitar dəhlizin açılmasını təklif etdi. Rusiya və Braziliyanın təklif etdiyi qətnamələr daimi üzvlərin əksəriyyətinin dəstəyini qazansa da, ABŞ onlara veto qoyub. Lakin prezident Baydenin İsrailə səfərindən sonra İsrail Qəzzanın şimalına doğru bombardmanlarını artırdığı bir vaxtda ABŞ birtərəfli qaydada şimaldakı Rəfah keçid məntəqəsindən humanitar dəhliz yaradılmasına razılıq verib. Bu proses BMT-nin beynəlxalq sülh və təhlükəsizliyi qorumaqda uğursuzluğunu, bəyan etdiyi missiyasını və ABŞ-ın pis niyyətini ortaya qoyur.
Bu müharibə irqçi ağ dərilinin üstünlüyünün, neo-imperializmin və davamlı müharibənin mövcudluğunun qədim qlobal problem olduğunu vurğulayır. Yaxın Şərqdə müharibəni qızışdırmaqda, strateji resurslara hakim olmaqda və yerli əhaliyə zülm etməkdə israr edənlər əslində ABŞ-ın müharibə maşını və onun Britaniya, Kanada, Avstraliya və AB hökumətlərindəki kuklarıdır.
Amma dünya dəyişib. Yaxın Şərqdə sülh və Fələstinin yerli xalqı üçün ədalət axtaran qlobal, çox irqli, çoxmillətli, çoxdinli sosial ədalət hərəkatı mövcuddur.
İQNA- İşğal altındakı Fələstində müharibədən əvvəl Netanyahunun məhkəmə islahatları ilə bağlı daxili gərginliyi nəzərə alsaq, mövcud vəziyyət və müharibə böhranı Netanyahunun siyasi gələcəyinə necə təsir edəcək?
- İsrailli analitiklər baş nazirlərinin karyerasını İsrail cəmiyyətində geniş yayılmış korrupsiya və daxili parçalanma ilə xarakterizə edirlər. O, yetmiş ildən artıq müddətdə ən ifrat sağçı hökuməti qurmaqla buna nail olub.
Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Netanyahunun İsrail sərhədlərinin təhlükəsizliyini təmin etməməsi onun bacarıqsızlığını və qəddarlığını ortaya qoydu. 2014-cü ildə qoruyucu xətt əməliyyatının uğursuzluğundan sonra dünyadakı reputasiyasının zədələnməsi və HƏMAS ilə hesablaşması onun minlərlə fələstinli mülki vətəndaşı soyuqqanlılıqla qətlə yetirməsinin səbəblərindən biridir.
Netanyahunun fələstinliləri təqib etmək və israillilər arasında kin və düşmənçilik səpmək siyasəti ilə yadda qalan uzun siyasi karyerası sona çatmaq üzrədir.
İQNA- Əqsa tufanı əməliyyatı hərbi uğurdan çox sionist rejimin qırılqanlığını və məğlub edilə biləcəyini nümayiş etdirdi. Bu yaxınlarda edilən əməliyyata bənzər əməliyyatı gələcəkdə təkrar etmək mümkündürmü?
-Ümid edirəm yox. Çünki israillilər və fələstinlilər birlikdə yaşamalıdırlar və bu, ancaq işğala son qoyularaq, həm ərəblərə, həm də yəhudilərə ədalət, azadlıq, insan və vətəndaş hüquqları verən bir cəmiyyət qurmaqla mümkün ola bilər. Yetmiş beş illik münaqişədən sonra bu sadə və məntiqli nəticəyə gəlməmək, şübhəsiz ki, növbəti münaqişələrə gətirib çıxaracaq.
İQNA- Sizcə Əqsa tufanı əməliyyatı ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşma prosesinə necə təsir edəcək?
-İsrailin Fars Körfəzi Əməkdaşlıq Şurasında ərəb ölkələri ilə münasibətlərinin normallaşması indi dayanıb. Normallaşdırma sazişləri əsasən iqtisadi inkişaf, o cümlədən suyun duzsuzlaşdırılması, virtual təhlükəsizlik, səyahət və turizm, digər sektorlar və rəsmi diplomatik əlaqələrlə bağlı idi. Münasibətlərin normallaşdırılması layihəsində əsas problem fələstinlilərin unudulması və Yaxın Şərqdə onlara gələcək qoymamasıdır.
Fələstin məsələsini tam və kamil həll etmədən gələcəkdə ərəblərin İsraillə normallaşmasından danışmaq mümkünsüz görünür.
İQNA-Qəzzə savaşında yaxın günlərdə nələr ola bilər. HƏMAS və sionist rejimin başqa ölkələrin vasitəçiliyi ilə humanitar səbəblərdən hansısa atəşkəsə nail olmaq mümkündürmü?
- Yaxın Şərqdə qonşu ölkələr gecə-gündüz çalışırlar ki, axan qanı dayandırmağın yollarını tapsınlar. Hazırda Qətər və Misir vasitəçilik etməyə çalışır. Lakin bu səylər qeyri-müəyyən olaraq qalır.
4178521