“İQNA”-nın “Newsroom”dan verdiyi xəbərə görə, bu gün səhər (cümə axşamı) bir qrup radikal məskunlaşan işğalçı “əl-Hacə Hümeydə” məscidini Səlfitin şimal-qərbində yerləşən Deyr İstiya qəsəbəsində yandırıb və divarlarına irqçi və İslam əleyhinə şüarlar yazıblar.
Antiməskunlaşma fəalı Nəzmi Salman bu barədə deyib: “Bir qrup məskunlaşan məscidə hücum edərək, pəncərələrdən birini sındırıb və içəriyə yanıcı maddələr atıblar. Nəticədə məscidin bir hissəsi alovlanıb və bir neçə xalça yanıb.”
O əlavə edib ki, yerli sakinlər mülki müdafiə qüvvələri ilə birlikdə alovu məscidin digər hissələrinə yayılmadan əvvəl söndürə biliblər.
Salman bu hadisəni məskunlaşanların bölgədəki dini məkanlara qarşı təkrarlanan hücumlarının bir hissəsi kimi qiymətləndirib.
Sosial fəal bildirib ki, bu, Deyr İstiyada bir məscidə edilən ilk hücum deyil; daha əvvəl həmin qəsəbədə yerləşən İmam Əli ibn Əbi Talib (ə) məscidi və eləcə də Marda və Yasuf kəndlərindəki bir neçə məscid də məskunlaşanlar tərəfindən yandırılıb.
Səlfit bölgəsi və Qərb Sahilinin digər şəhərləri 2023-cü il 7 oktyabrda başlayan “Əqsanın Qasırğası” əməliyyatından sonra işğalçı qüvvələrin və məskunlaşanların artan hücumlarına məruz qalıb. Bu hücumlar İsrail rejiminin Qəzza zolağına davam edən təcavüzü ilə eyni vaxtda həyata keçirilib və nəticədə əsasən qadın və uşaqlardan ibarət on minlərlə fələstinli şəhid olub və yaralanıb.
Hadisəyə reaksiyasında Fələstin Vəqflər və Dini İşlər Nazirliyi bəyanat yayaraq, Səlfit vilayətində Kəfl Haris və Deyr İstiya qəsəbələri arasında yerləşən “əl-Hacə Hümeydə” məscidinin yandırılmasını kəskin şəkildə pisləyib və onu “iyrənc bir cinayət” adlandırıb.
Bəyanatda deyilir: “Məscidin yandırılması, sionist rejimin təbliğat maşınının Fələstindəki İslam və xristian müqəddəslərinə qarşı yaydığı vəhşiliyin və irqçi nifrətin səviyyəsini əks etdirir.”
Vəqflər Nazirliyi vurğulayıb ki, işğalçı qüvvələrin və məskunlaşan qrupların təkrarlanan hücumları nəticəsində artıq Fələstində heç bir ibadət məkanı təcavüz və dağıntılardan təhlükəsiz deyil.
4316612