“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi xəbərə görə, Ifop İnstitutu tərəfindən aparılmış bir tədqiqat göstərir ki, 15–24 yaşlı müsəlmanlar — əvvəlki nəsillərin əksinə olaraq — İslamın daha fundamentalist formalarına açıq şəkildə meyl göstərir və şəriət qanunlarını respublika qanunlarından üstün tuturlar.
1989-dan bu günə qədərki dövrü əhatə edən bu araşdırma Fransadakı gənc müsəlman nəsildə dərin bir dəyişiklik olduğunu göstərir və son üç onillikdə müşahidə olunan səviyyələrdən xeyli yüksək olan sərt dini praktikaların və islamçı hərəkatlarla həmrəyliyin artdığını ortaya qoyur.
Ifop-un siyasət və cari məsələlər bölməsinin direktoru Fransua Kraus çıxışında deyib: “Bu araşdırma aydın şəkildə göstərir ki, sərt dini meyarlara əsaslanan və getdikcə daha çox islamçı siyasi layihəyə yönələn yenidən islamlaşma prosesi yaşayan bir müsəlman cəmiyyəti mövcuddur.”
Araşdırma təkcə müsəlman gənclər arasında dini bağlılığın artdığını təsdiqləmir, həm də göstərir ki, bu gənclərin 42 faizi “islamçılıq”a (Islamisme) qarşı müsbət münasibət sərgiləyir. Halbuki yaşlı nəsillərdə bu rəqəm cəmi 19 faizdir.
Araşdırma həmçinin müsəlmanların müxtəlif islamçı hərəkatlara meylinə dair detallı təhlil təqdim edir. İslamçı hərəkatlar arasında ən çox dəstək alan “İxvanul-Müslimin”dir və onu sələfilik, vəhhabilik və Təblig Camaatı kimi digər qruplar izləyir. Cihadçılığa rəğbət isə hələ də məhdud səviyyədədir.
Ifop institutu islamçı ideologiyaların qəbulunun artmasını narahatedici hesab edir, çünki bu meyil Fransadakı müsəlmanlar arasında üstünlük təşkil edən dünyəvilik diskursu ilə ziddiyyət təşkil edir.
Bununla belə, araşdırma iki müşahidə ilə mənzərəni balanslaşdırır. Birincisi, son illərdə gənclər arasında dini bağlılığın artması bütün dinlərdə müşahidə olunur, baxmayaraq ki, ən yüksək artım İslamda qeydə alınmışdır. İkincisi isə araşdırma göstərir ki, qadınların hicab taxması və ümumilikdə dini praktika 50 yaşdan sonra nisbətən azalır ki, bu da bəlkə də Qərbin dünyəvi mədəniyyətinin təsiri ilə bağlıdır.
4317781