“İQNA”-nın “Quds Press” agentliyinə istinadla verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı sionist rejimin Qəzza zolağında davam edən cinayətlərini qınayıb.
Son cinayətlərdən biri fələstinli qaçqınların sığındığı məktəbin bombalanması olub. Bu hücum nəticəsində yeddi fələstinli şəhid olub, onlarla günahsız mülki şəxs yaralanıb. Bu hərəkət beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması hesab olunur.
İslam Əməkdaşlıq Təşkilatı bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasını öz məsuliyyətini yerinə yetirməyə, İsrailin bütün cinayət və pozuntularına son qoymağa, hərtərəfli və davamlı atəşkəs yaratmağa, kifayət qədər və maneəsiz humanitar yardımın çatdırılmasını və işğalçı qüvvələrin Qəzza zolağından çıxarılmasını təmin etməyə çağırıb.
Təşkilat həmçinin beynəlxalq cinayət ədaləti mexanizmlərinin işə salınmasının zəruriliyini vurğulayıb ki, İsrailin bu dəhşətli cinayətlərin törədilməsində iştirak edən bütün rəsmiləri hüquqi təqibə cəlb olunsun və cəzasız qalmasınlar.
7 oktyabr 2023-dən bəri sionist rejim ABŞ və Avropanın dəstəyi ilə Qəzza zolağında soyqırım törədib. Bu soyqırım qətlləri, aclığı, dağıntıları, məcburi köçkünlüyü və özbaşına həbsləri əhatə edib və beynəlxalq çağırışları, eləcə də Beynəlxalq Ədalət Məhkəməsinin əmrlərini görməməzliyə vurub.
Bu soyqırım nəticəsində 239 mindən çox fələstinli öldürülüb və ya yaralanıb ki, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bundan əlavə, 11 mindən çox insan itkin düşüb. Yüz minlərlə insan məcburi köçkün olub və aclıq xüsusilə uşaqların həyatına son qoyub. İsrailin Qəzzada yaratdığı geniş dağıntılar nəticəsində isə faktiki olaraq bölgənin əksər şəhər və qəsəbələri xəritədən silinib.
Fələstin Səhiyyə Nazirliyi Qəzzada bu gün, bazar ertəsi açıqlayıb ki, son 48 saatda sionist rejimin hücumlarının davam edən nəticələri səbəbindən 12 nəfər şəhid olub, 7 nəfər yaralanıb.
Məlumata görə, şəhidlərdən 4 nəfər işğalçıların atəşi və hücumları nəticəsində, 8 nəfər isə dağıntılar altından və zərər görmüş ərazilərdən çıxarılıb.
Nazirlik əlavə edib ki, hələ də bir sıra qurbanlar dağıntılar altında və ya keçidlərdə qalıb, lakin təhlükəli şərait və avadanlıq çatışmazlığı səbəbindən xilasedici qüvvələr indiyədək onlara çata bilməyiblər.
4324476