
“İQNA”-nın “əl-Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, həkim-qari Əhməd Nüeynə Misirin “əl-Mütəhiddə” media xidmətləri şirkətinin peyk kanallarından yayımlanan “Dövlət Tilavəti” proqramının on ikinci bölümündə iştirak edərək Adiyat surəsindən ayələr tilavət edib.
Proqramın əvvəlində yayımlanan bu tilavət müsabiqənin münsiflər heyətinin diqqətini cəlb edib və yüksək qiymətləndirilib.
Nüeynə tilavətini xüsusi bir üslubla, xuşu və gözəl səs ilə icra edib. Bu tilavət proqramda mənəvi bir ab-hava yaradıb və tamaşaçılar misirli qarinin Qurani-Kərim tilavətindəki gözəllik və gücə heyran qalıblar.
Bölümün gedişində ustad Nüeynənin həyat yolu və Qurana xidmət, tilavət elmlərinin tədrisi sahəsindəki mühüm fəaliyyətləri xüsusi videoçarx vasitəsilə təqdim olunub.
Çarxda vurğulanıb ki, Əhməd Nüynənin təsirli və fərqli bir səsi var; tilavətdəki xuşu ilə dinləyicini ayələr üzərində təfəkkür və düşünməyə dəvət edir.
“Dövlət Tilavəti” Qurani-Kərimin tərtil və qiraəti üzrə ən böyük istedad müsabiqəsidir və “əl-Həyat”, “CBC”, “ən-Nas”, “Misr Qurani-Kərim” peyk kanallarında, həmçinin “watch it” platformasında yayımlanır.
Proqram hər həftənin cümə və şənbə günləri axşam saat 21:00-da efirə verilir.
“Dövlət Tilavəti” Misir Vəqflər Nazirliyi ilə “əl-Mütəhiddə” media şirkətinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və məqsəd ölkənin müxtəlif vilayətlərindən istedadlı qariləri tanıtmaqdır.
Müsabiqənin mükafat fondu 3,5 milyon Misir funtudur. Tərtil və qiraət sahəsində birinci yeri tutan hər bir iştirakçı 1 milyon Misir funtu qazanacaq və onların səsi ilə bütün Qurani-Kərim səsləndirilərək “Misr Qurani-Kərim” kanalında yayımlanacaq.
Bundan əlavə, bu iki qalib gələn şəxs gələn Ramazan ayında Qahirədəki İmam Hüseyn (ə) məscidində camaat namazına imamlıq edəcəklər.
4324555