IQNA

İlhan Omar, müsəlman konqres üzvü:

Tramp mənə hücum etməklə diqqəti Epstaynın korrupsiya dosyesindən yayındırmaq istəyir!

10:44 - February 14, 2026
Xəbər sayı: 3499742
İQNA – ABŞ Konqresində Minnesota ştatını təmsil edən müsəlman deputat İlhan Omar, Trampın ona qarşı irəli sürdüyü ittihamlara cavab olaraq, onu “uşaq istismarçısı” adlandırıb və bildirib ki, Tramp Epstayn dosyesindən diqqəti yayındırmağa çalışır.

“İQNA”-nın “Arabi21”ə istinadən verdiyi xəbərə görə, Donald Tramp – ABŞ prezidenti – Minnesota ştatındakı somalili icmaya qarşı yeni hücuma başlayaraq İlhan Omarı “saxta konqres üzvü” adlandırdıqdan və somalili qaçqınları iqtisadi ziyana və ABŞ cəmiyyətinə “sızmağa” görə ittiham etdikdən sonra tərəflər arasındakı gərginlik daha da artıb.

Tramp bu fikirləri “Fox Business” kanalında Lerri Kudlou ilə müsahibəsində səsləndirib. O, Minnesota barədə danışarkən birbaşa həmin ştatdakı somalili icmanı hədəfə alıb və onların varlığının ştata zərər vurduğunu iddia edib.

Müsahibə zamanı Tramp deyib ki, Minnesota ştatında qaçqınlar “əhəmiyyətli ziyan” vurublar və əlavə edib: “Somalililər bura axışıb gəliblər. Görürsünüz ki, ölkəmizə nə ediblər. Onlar ölkəmizə sızıb və o saxta konqres üzvünü (İlhan Omarı) də yanlarında gətiriblər. Onların etdikləri çox pisdir.”

Tramp həmçinin iddia edib ki, Minnesota ştatı səhiyyə də daxil olmaqla bir sıra sahələrdə “ən azı 19 milyard dollarlıq dələduzluq və korrupsiya” ilə üzləşib və bildirib ki, administrasiyası bu dosyelərin kökünə enmək və detallarını üzə çıxarmaq üçün çalışacaq.

Somali əsilli demokrat siyasətçi İlhan Omar sosial şəbəkələrdə Trampın sözlərinə cavab verib, müsahibədən bir hissəni paylaşaraq kəskin bir şərh yazıb. O, birbaşa yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham olunan Cefri Epstaynın dosyesinə işarə edib.

Omar yazıb: “Uşaq istismarı partiyasının lideri” diqqəti ondan yayındırmağa çalışır ki, onun adı Epstaynın hər bir dosyesində keçir. Ən azı Somalidə uşaq istismarçıları seçilmir; onlar edam olunurlar.”

Omarın hücumu Trampın siyasi karyerası boyunca ən həssas mövzulardan birinə toxunur: onun Epstaynla keçmiş əlaqələri. Bu əlaqələr ABŞ-da və beynəlxalq səviyyədə geniş qalmaqala səbəb olmuşdu.

Trampın tənqidçilərinin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyinin Epstayn dosyesi çərçivəsində yayımladığı sənədlərdə Trampın adı “minlərlə dəfə” çəkilir. Bununla belə, Tramp administrasiyası dövründə hazırlanmış həmin hesabatda onun birbaşa müdaxiləsini və ya hüquqi cəhətdən sübut olunmuş bir cinayətini təsdiqləyən konkret dəlilin olmadığı qeyd olunur. Lakin Konqresin bir çox üzvü bu iddiaya şübhə ilə yanaşır.

İlhan Omar hesab edir ki, Trampın somalililərə qarşı təkrarlanan hücumları və onları “daxili təhlükə” kimi göstərmək cəhdləri, onun Epstaynla bağlı keçmiş əlaqələri ətrafında yenidən yaranmış qalmaqalı “ört-basdır etmək” üçün atdığı addımlardır.

4334126

captcha