“İQNA”-nın məlumatına görə, “Əl-Məyadin” xəbər saytı bu barədə yazıb:
“Bu gün, cümə günü, Tehran və İranın müxtəlif vilayətlərində Qüdsün Beynəlxalq Günü münasibətilə milyonluq yürüşlər keçirildi. Bu yürüşlər İran İslam İnqilabının üçüncü rəhbəri Ayətullah Seyyid Müctəba Xameneinin ilk mesajından sonra baş tutdu; o, həmin mesajda xalqı bu gündə fəal iştiraka çağırmışdı”.
Əl-Məyadinin məlumatına əsasən, ABŞ–sionist rejiminə məxsus təyyarələr Qüds Günü münasibətilə keçirilən milyonluq yürüşlər zamanı Tehranın İnqilab meydanı yaxınlığında hücum həyata keçirib. Bombardman anında İran xalqının təkbir səsləri və şüarları paytaxtın üzərində dolaşan təcavüzkar təyyarələrin səsi ilə birləşib.
Əl-Məyadin yazır: “Bəzi itkilərə baxmayaraq, milyonluq yürüşlər təcavüzə qarşı şüarlarla, Ayətullah Seyyid Müctəba Xameneiyə və silahlı qüvvələrə dəstəklə, eləcə də Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin iştirakı ilə davam etdi. Bu, İranın yeni rəhbərliyi ilə xalq arasındakı həmrəyliyi nümayiş etdirir”.
Sayt həmçinin Yəzd, Sənəndəc, Kərmənşah, Əhvaz, Təbriz və digər şəhərlərdə keçirilən yürüşlərdən görüntülər yayıb.
“Russia Today”in reaksiyası
Rusiyanın “Raşa Tudey” kanalı da Tehrandakı Qüds Günü yürüşündən bir neçə video yayımlayaraq, ABŞ–İsrail bombardmanı altında belə İran xalqının küçələrə çıxmaqda göstərdiyi cəsarəti vurğulayıb.

Kanalın canlı reportajında deyilir: “İranlılar Qüds Günü yürüşündə, ABŞ–İsrail bombaları ətraflarına düşdüyü halda, daha da möhkəm dayanaraq ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirlər”.
Hesabatda əlavə olunur ki, “Heyhat minnəz-zillə” və “Amerikaya ölüm” şüarlarının səsi partlayışlardan qalxan tüstü ilə birlikdə daha da ucalır.
RT həmçinin İran rəsmilərinin yürüşdə iştirakına toxunaraq yazıb: “İranın şəhid rəhbərinin müşaviri Məhəmməd Muxbir, ABŞ–İsrail bombaları yaxınlığında partladığı anda belə, yumruğunu qaldıraraq müqavimət və meydanoxuma mesajı verib”.
Cümə günü Tehranda Qüds Günü mərasimi keçirilərkən, ABŞ və sionist rejim yürüş marşrutu ətrafındakı bölgələri hədəfə alıb.
CNN-in reaksiyası
Amerikanın CNN kanalı da bu il müharibə şəraitində keçirilən Qüds Günü yürüşlərini işıqlandıraraq, ölkə üzrə böyük xalq iştirakına diqqət çəkib:
“Cümə səhəri İranın kiçik və böyük şəhərlərində nəhəng kütlələr Qüds Gününü qeyd etmək və fələstinlilərə dəstək məqsədilə keçirilən beynəlxalq illik yürüşdə iştirak etmək üçün küçələrə axışdı”.
CNN-in məlumatına görə, İran dövlət mediasının yayımladığı görüntülərdə böyük izdihamın İran bayraqları dalğalandırdığı, yeni rəhbərin və şəhid liderin şəkillərini daşıdığı görünür.
Kanal əlavə edir ki, bu yürüşlər İsrail ordusunun “Tehranda genişmiqyaslı hücumlara başladığını” elan etdiyi bir vaxtda keçirilir. Bundan əvvəl Tehran, İsfahan və digər şəhərlərdə partlayışlar barədə xəbərlər yayılmışdı.

Reuters-in reaksiyası
Reuters xəbər agentliyi isə bildirib ki, Tehrandakı Qüds Günü yürüşünün iştirakçıları Donald Tramp və Benyamin Netanyahu maketlərini yandıraraq ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.
Livanın “ən-Nəşrə” xəbər portalı da məlumat verib ki, Tehran və İranın digər şəhərləri bu gün, davam edən müharibə və hücumlara baxmayaraq, genişmiqyaslı Qüds Günü yürüşlərinin şahidi olub. İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani də yürüşdə iştirak edib.

Livanın “əl-Əxbar” qəzeti bu barədə yazıb: “İrana qarşı təcavüzlərin davam etməsinə baxmayaraq, Qüds Günü yürüşü ölkə üzrə geniş şəkildə və onlarla marşrutdan Tehranın İnqilab meydanına doğru təşkil olundu. Öz mərhum liderlərinin matəmini saxlayan iranlılar bu yürüşdə iştirak edərək Fələstin amalına dəstəklərini bir daha vurğuladılar”.
Fələstin “Şihab” xəbər agentliyi də bildirib: “Davam edən hücumlara və Qüds Günü yürüşü marşrutu ətrafında baş verən partlayışlara baxmayaraq, milyonlarla iranlı Tehrandakı yürüşdə iştirak edib. Yürüşdə Məsud Pezeşkiyan və Əli Laricani də yer alıblar”.
“Əl-Ərəbiyyə” xəbər şəbəkəsi də İran prezidentinin və Ali Təhlükəsizlik Şurasının katibinin Qüds Günü yürüşündə iştirakına diqqət çəkib.
Qətərin “əş-Şərq” xəbər portalı yazıb: “İranın Ali Təhlükəsizlik Şurasının katibi Tehranda keçirilən Qüds Günü yürüşündə açıq şəkildə iştirak edib. Bu, yürüş marşrutu yaxınlığında partlayışlar barədə xəbərlərin yayıldığı bir vaxtda baş verib”.

Livanın “əl-Əhd” və “əl-Mənar” xəbər portalları isə İran rəsmilərinin – o cümlədən prezident Məsud Pezeşkiyan və xarici işlər naziri Seyid Abbas Əraqçinin – bu ilki Qüds Günü yürüşündə iştirakına dair görüntülər yayıb və yazıb:
Əraqçinin sözlərinə görə, “İran xalqı hücumlara baxmayaraq Qüds Günündə iştirak etməklə İran, Qüds və Fələstinə dəstək iradəsini və qətiyyətini nümayiş etdirdi”.
4340480