İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) islam.az-a istinadən verdiyi xəbərə görə, Miladi VIII əsrin sonlarında Həzrət Əlinin (ə) Nəcəfdəki məzarı aşkara çıxır. O zamana kimi müqəddəs məzarı yalnız imamlar tanıyır və ən sadiq tərəfdarlarına nişan verirdilər. Bundan sonra məzarın ətrafında Əhli-beyt tərəfdarları məskən salıb yaşamağa başlayırlar. Lakin 250 il ərzində Nəcəf çox kiçik bir yaşayış məskəni olaraq qalırdı. XI əsrin ortalarına kimi Rey, Qum, Bağdad şəhərləri şiə məzhəbinin elm mərkəzləri sayılırdı.
Hicri 447-ci ildə (miladi 1055-56) Səlcuqlar Bağdadı ələ keçirdilər. Cəfəri məzhəbi ciddi təqiblərə məruz qaldı. Şəhərdəki şiə kitabxanaları, o cümlədən, o zamanın ən böyük cəfəri fəqihi olan Şeyx Tusinin evi və kitabxanası da yandırıldı. Şeyx Tusi həyatı üçün ciddi təhlükə olduğunu görüb Bağdadı tərk etdi və Nəcəfə köçdü. Onun tələbələri də Nəcəfə axışdılar. Beləliklə, Nəcəf dini elmlər mərkəzi (hövzə) təsis edildi.