İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) interaztv-ə istinadən verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İSESCO ilə birgə Mərakeşin paytaxtı Rabat şəhərində "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans təşkil ediblər.
Konfransında çıxış edən İSESCO-nun Baş direktorunun müavini Amine Al-Hijri müasir dünyada tolerantlığın və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb. O, İslamdakı tolerantlıq prinsiplərindən danışaraq, İSESCO-nun bu sahədəki fəaliyyətinə toxunub. Amine Al-Hijri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın müsbət təcrübəsini xüsusi qeyd edib.
Konfransda çıxış edən DQİDK-nin sədr müavini Gündüz İsmayılov, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərdən biri kimi təbliğ etdiyi tolerantlığın Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu bildirib.
Konfrans çərçivəsində İSESCO-nun Baş qərargahında “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı sərgi təşkil edilib.
Konfrans başa çatdıqdan sonra İSESCO-nun Baş katibi Əbdüləziz Osman əl-Tüveycri Azərbaycandan gələn nümayəndə heyəti və Azərbaycanın Mərakeşdəki səfiri Tariq Əliyevi qəbul edib. Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, İslam dünyasındakı tolerantlıq ənənələrinin təbliğ edilməsinin zəruriliyi və digər məsələlər müzakirə olunub.