“İQNA”-nın "Əl-Aləm" kanalına istinadən verdiyi məlumata görə, son günlərdə London, Oslo, Haaqa, Hamburq, Roma, Brüssel və Stokholm kimi şəhərlərin küçələri və İslam mərkəzləri müxtəlif millətlərdən və dillərdən olan əzadarlara ev sahibliyi edib. Onlar İmam Hüseynin (ə) bayrağı altında toplaşaraq, əsrlər keçməsinə baxmayaraq, dünya azadlıqsevərlərinə ilham verən bu epopeyanın xatirəsini yaşadıblar.
Bu mərasimlərin ən möhtəşəmlərindən biri iyunun 20-də (şənbə günü) Norveçin paytaxtı Osloda keçirilib. Müxtəlif mənşəli və milliyyətli 2 minə yaxın şiə və Əhli-beyt (ə) sevər "Aşuratog" adlı yürüşdə iştirak edərək, İmam Hüseynin (ə) və onun vəfalı yaranın Kərbəla səhrasındakı şücaət və fədakarlığını yad ediblər.
Təşkilatçılar əzadarların geniş iştirakını İlahi lütf və Həzrət Vəli-Əsrin (əc) nəzəri kimi qiymətləndirib və bu ayinin gələcək illərdə daha əzəmətli keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Oslo yürüşü zamanı "Ləbbeyk ya Xamenei" sədaları da eşidilib və bir qrup əzadarlar İran İslam Respublikasının bayrağını daşıyaraq, Aşura mesajı ilə zülmə, işğalçılığa və hegemonluğa qarşı müasir müqavimət arasındakı bağlılığı nümayiş etdiriblər.
Mərasimdən yayılan görüntülər göstərir ki, Norveç paytaxtının küçələrini Hüseyni şüarlar bürüyüb, Aşuranın qırmızı və qara bayraqları İran bayrağı ilə yanaşı dalğalanıb.
Niderlandın Haaqa şəhərində də Aşura yürüşü ötən bazar günü keçirilib. Əzadarlar "Məhfel-i Əli" İslam mərkəzində yas mərasimi təşkil etdikdən sonra Hüseyni bayraqları ilə şəhər küçələrinə çıxıb, mərsiyə oxumaq, sinəzənlik və Aşura şüarları ilə İmam Hüseynin (ə) və onun vəfalı yaranın məzlumluğunu dünyaya çatdırıblar.
Hamburq bu gün – cümə axşamı Aşura yürüşünə ev sahibliyi edib. Belçikadakı Brüssel "Mehdiyyə"si də iyunun 15-dən etibarən farsdilli əzadarların və digər Əhli-beyt (ə) sevərlərin iştirakı ilə Məhərrəmlik proqramlarına başlayıb. Stokholm və İsveçin digər şəhərlərində də analoji məclislər fars, ərəb və isveç dillərində təşkil edilib və müsəlman mühacirlərin müxtəlif nəsillərini İmam Hüseynin (ə) bayrağı altında birləşdirib.
Berlində də böyük Aşura yürüşünün qarşıdan gələn şənbə gününə planlaşdırıldığı bildirilir. Təşkilatçılar bütün azad insanları və zülmə qarşı olanları bu yürüşdə iştirak etməyə və Almaniyanın paytaxtında "Heyhat minəz-zillə" (zillət bizdən uzaqdır) mesajını səsləndirməyə dəvət ediblər.
İngiltərədə isə "İngiltərə İslam Mərkəzi" və Londondakı, eləcə də digər şəhərlərdəki onlarla məscid, hüseyniyyə və dini mərkəz Təsua və Aşura məclislərini təşkil ediblər. Aşuranın əsas yürüşü isə cümə günü Londonun mərkəzində baş tutacaq.
4360382