“İQNA”-nın "əl-Əhd"ə istinadən verdiyi məlumata görə, İraq bu günlərdə şəhid imam Ayətullah Seyid Əli Xameneinin Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək tarixi vida mərasimi üçün geniş hazırlıqlara şahidlik edir. Mərasimin iyulun 8-də müxtəlif İraq qurumları və İran İslam Respublikasının Bağdaddakı səfirliyi daxil olmaqla, İran tərəfi ilə koordinasiyalı şəkildə keçirilməsi planlaşdırılır.
İranın Bağdaddakı səfirliyinə yaxın mənbələr bildiriblər ki, şəhid imamın mübarək cənazəsi iyulun 8-də Nəcəf Beynəlxalq Hava Limanı vasitəsilə İraqa gətiriləcək. Mərasimdə İraqın bir qrup rəsmisi, dini, ictimai və siyasi xadimi iştirak edəcək və Nəcəf hava limanında rəsmi qarşılanma mərasimi keçiriləcək.
Bundan sonra cənazə vida və ziyarət mərasimi üçün Həzrət Əmirəlmöminin (ə) hərəminə aparılacaq. Daha sonra vida karvanı Kərbəla şəhərinə yola düşəcək və Beynül-Hərəmeyndə vətəndaşların geniş iştirakı ilə kütləvi vida mərasimi təşkil olunacaq. Sonda cənazə yenidən Nəcəf hava limanına gətiriləcək və oradan Məşhəd şəhərinə yola salınacaq.
Məlumata görə, İmam Ələ (ə), İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmlərinin idarələri, Nəcəf və Kərbəla valilikləri, İraqın Nəqliyyat, Daxili İşlər və Xarici İşlər nazirlikləri, Həşdi-Şəbi təşkilatı və İraq Baş nazirinin ofisi bu mərasimin əlaqələndirilməsi və təşkilinə cavabdeh olan qurumlar sırasındadır.
İraqın müxtəlif əyalətlərindən yüz minlərlə, hətta bir milyondan çox vətəndaşın vida mərasimində iştirak edəcəyi gözlənilir. Həmçinin İraqın görkəmli dini, siyasi, tayfa, mədəni və akademik xadimləri də bu tarixi hadisədə iştirak edəcəklər.
Nəcəf və Kərbəladakı vida mərasimlərinə əlavə olaraq, yüz minlərlə iraqlı zəvvarın iyulun 4-dən 9-dək Tehran, Qum və Məşhəddə keçiriləcək mərasimlərdə iştirak etmək üçün İrana gedəcəyi gözlənilir. Bu istiqamətdə İran və İraqın məsul qurumları artıq zəvvarların quru sərhəd keçidləri və hava limanları vasitəsilə gediş-gəlişini asanlaşdırmaq üçün lazımi koordinasiya işlərinə başlayıblar.
4360878