IQNA

"Ərbəin" Ziyarətnaməsi

20:29 - September 17, 2022
Xəbər sayı: 3492937
Ərbəin günü imam Hüseynə (ə) məxsus “Ərbəin” ziyarətnaməsini oxumaq müstəhəbdir. Ərbəin ziyarətini oxuduqdan sonra iki rəkət (hacət) namazı qılın, namazdan sonra yerinizdən qalxmadan Allahdan özünüzə və digərlərinə xeyir və məsləhət olanı istəyin ki, dualarınız qəbul olacaq.

Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu:

"Ərbəin" Ziyarətnaməsinin tərcüməsi

"Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et!"

Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)

Ad:
E-poçt:
* Comment:
captcha