“Ali-İmran” surəsinin 7-ci ayəsi: “(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, -deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”.
Quranın böyük bir hissəsi mənaları tam aydın olan ayələrdən ibarətdir. Möminlərin ayələr qarşısındakı vəzifəsi açıq və aydındır. Allah Qurani-Kərimin bu hissəsini “Ümmül-Kitab”, “Kitabın anası, kitabın mahiyyəti və ruhu, əsas mesajının olduğu yer” adlandırır.
Əgər insanlar “Ümmü’l-kitab”dakı “Möhkəm” ayələrinə təslim olsalar, dinin nemətlərindən, maddi-mənəvi hidayətdən bəhrələnərlər.
Elələri də var ki, yüzlərlə belə açıq-aydın ayələri tərk edərək, dini qəbul etmək məsuliyyətindən yayınmaq üçün mənaları təfsir və izah tələb edən mütəşabih ayələrdə eyb axtarmağa çalışırlar. Ayənin təfsiri nə olursa olsun, dindarlığa mane olmur.
Bu mütəşabih ayələrin təfsirini (gizli mənanın dərk edilməsini) Allahdan və ilahi elmdə möhkəm yer tutanlardan başqa heç kəs başa düşə bilməz. Quranda təkrarların görünməsinin səbəbi, sözün müxtəlif üsullarla və müxtəlif misallarla ifadə edildiyi zaman mənasının getdikcə daha aydın olması ola bilər.
Allah yolunda getmək istəyən, qəlbində ixlas olan insan, mütəşabih ayələri ilə heç bir problem yaşamaz. Axirət haqqında bilməmiz lazım olan şey, axirətin olmasıdır və bu Quranda açıq şəkildə bildirilmişdir.
Digər bir məqam isə yaxşı və pis davranışlarımızın axirətdəki vəziyyətimizə təsir etməsidir. Bu məsələ Quranda yüzlərlə dəfə açıq şəkildə ifadə edilmişdir.
Allah qiyamət günü insanları necə dirildəcək, bal və şərab çayı nə deməkdir, sidr ağacı və tuba nə deməkdir? Cin, mələk və şeytan hekayəsinin, və əsanın əjdahaya çevrilməsinin mənası nədir? Əshabi-Kəhf və Rəqim hekayəsini, Xızr və Musa hekayəsini və s. necə şərh etmək bizim üçün çox da önəmli deyil. Qurandakı bəzi kəlmələrin nədən bəhs etdiyi və bəzi hekayətlərin nədən bəhs etdiyi bizə aydın olmasa da, əsas məsələ bu deyil və vəzifəmiz artıq aydındır.
Əlbəttə ki, Allah da, elmdə qüvvətli olanlar da belə ayələrin təvilinə (gizli mənasını dərk etməyə) işarə vurmuşdur, lakin o təvillər olmadan da bizim vəzifəmiz hər halda aydındır.
Bu, Ustad Hüseyn Muhyiddin Qumşeinin “Quranla 356 gün söhbət” kitabından bir parçadır.
4119699