“İQNA”-nın “Əl-Yəvmus-Sabiə” istinadən verdiyi xəbərə görə, Christies Mərkəzi Parisdə “Nadir kitablar və əlyazmalar” adlı hərracını açır. Hərrac 22 oktyabrdan 5 noyabra qədər davam edəcək və burada “Şərqə səyahətlər” və “İspaniyaya səyahət” adlı nadir topluların müəllifi, siyasətçi, arxeologiya və fotoqrafiyaya marağı olan Lui de Klerkin əsərinə xüsusi diqqət yetiriləcək.
Bu kolleksiya iki topluda altı fotoalbomu əhatə edir və “Yaxın Şərqin tarixinin xatirəsi” hesab olunur. Christie’sin məlumatına görə, bu əsər 1859-cu ildə Suriya, Misir və Fələstinə edilən elmi-araşdırma səfəri zamanı çəkilmiş təxminən 200 fotodan ibarətdir və onların bir hissəsi qədim Qüds şəhərinə aiddir.
Christies Lui de Klerkin sənədli işlərini yüksək qiymətləndirərək, onu 19-cu əsrin ortalarında bu müxtəlif şəhərlərin vəziyyətinə dair “tarixi şahidlik” kimi təsvir edib.
Kolleksiyanın ümumi dəyəri 80 min – 120 min avro aralığında qiymətləndirilir. Hərracda, ümumi dəyəri 1,3 milyon – 2 milyon avro arasında dəyişən 200 qədim və müasir nadir kitab və əlyazma satışa çıxarılacaq. Bu tədbir Oskar Uayld, Albert Kamu və Pol Elyuar kimi məşhurlara aid əsərlərlə maraqlanan kitabsevərlərin diqqətini cəlb edib..





4312112