IQNA

Şeytan etdiyimiz günahlarla həyatımızın mühüm anlarında bizi büdrədir

14:54 - October 22, 2025
Xəbər sayı: 3499080
İQNA - Keçmiş günahlar gələcək büdrəmələrin zəmini ola bilər. Buna görə də diqqətli olmalıyıq.

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.

O ilahi mesajlardan biri də budur ki, Şeytan etdiyimiz günahlar vasitəsi ilə gələcək həyatımızın mühüm anlarında bizi büdrədir. Necə ki, “Ali-İmran” surəsində oxuyuruq:

«إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ»

“(Ey möminlər!) Sizdən elələri var idi ki, iki dəstə qarşılaşan gün (Ühüd döyüşündə) arxalarını döndərdilər. Onları şeytan əvvəlki bəzi günahları səbəbilə yoldan çıxartdı. Lakin Allah onları bağışladı, çünki Allah çox bağışlayan və həlimdir” (Ali-İmran, 155).

Ayənin nazil olma səbəbi

Ühüd döyüşündə müsəlmanlar əvvəlcə qələbə qazanmışdılar. Lakin Peyğəmbərin (s) əmrini pozan bir qrup oxatan, qənimət tamahına düşərək mövqelərini tərk etdilər. Bunun nəticəsində düşmən arxadan hücum etdi və müsəlmanlar qarışıqlığa düşdülər. Bu anda bəzi möminlər qorxudan döyüş meydanını tərk etdilər. Ayə həmin şəxslər barəsində nazil olmuşdur.

“Əl-Mizan” təfsirinə görə şeytan insanı zorla günaha salmır. İnsan əvvəllər etdiyi xətalar, dünyaya meyil və zəif iman səbəbindən mənəvi cəhətdən zəifləyir. Şeytan da bu zəif nöqtədən istifadə edib onu büdrədir.

Yəni “استزلهم” – onları qorxu, tamah və tərəddüd vasitəsilə büdrətdi.

Məcməül-bəyan” təfsirində qeyd olunur ki, keçmiş günah və qəflət insanın qəlbində iz qoyur. Bu izlər çətin anlarda özünü göstərir. Zahirdə imanlı olsa da, batindəki zəiflik onun qərarını təsirləndirir.

“Təfsir Nümunə” əsərində qeyd olunur ki, Allah onların büdrəməsini bağışladı, çünki onlar imanlarını itirməmişdilər, sonradan peşman olub tövbə etdilər.

İslamda qanunla yanaşı, ümid ruhu da qorunur.

Tərbiyəvi mesajlar:

Günah və dünyaya bağlılıq ruhun zəifləməsinə səbəb olur.

İnsan büdrəsə də, tövbə etsə, Allah onu bağışlayar.

Məğlubiyyət və büdrəmə, əgər tövbə ilə davam etsə, insanı kamilləşdirər.

Şeytan yalnız qəlbində zəiflik olanlara təsir göstərə bilir.

Tarixi hadisə

Tarixdə İbn Cübeyr adlı səhabə bu döyüşdə idi.

Ühüd döyüşünün ən qızğın anında, oxatanlar yerini tərk edəndə, düşmən arxadan hücum etdi. Meydanda “Həzrət Məhəmməd (s) öldürüldü!” sədası yayıldı. Bir çox müsəlman qorxub qaçdı.

Bu zaman Həzrət Əli (ə) qılıncı ilə Peyğəmbəri (s) müdafiə edirdi. O, qaçanlara belə səsləndi: “Hara gedirsiniz? Ölümünüzdənmi qaçırsınız? Qayıdın, Rəsulullaha tərəf!”

Bəziləri dedilər: “Məhəmməd öldürüldü, indi döyüş nəyə gərəkdir?”

Həzrət Əli (ə) buyurdu: Əgər Məhəmməd (s) öldürülsə belə, Allahın dini ölübmü? Qayıdın və Allah üçün vuruşun!”

Sonra müsəlmanlar Peyğəmbərin (s) sağ olduğunu anlayıb geri döndülər və peşman oldular. Peyğəmbərin (s) yanına gəlib ağladılar, tövbə etdilər.

Peyğəmbər (s) buyurdu: “Allah sizi bağışladı, çünki siz Onun yolunda vuruşmaq istəmişdiniz, amma şeytan sizi azdırdı.”

Elə bu vaxt bu ayə nazil oldu.

Əxlaqi nəticə

Bu ayə çox mühüm bir dərs verir:

Keçmiş günahlar gələcək büdrəmələrin zəmini ola bilər. Buna görə də diqqətli olmalıyıq.

Amma insan günahdan sonra tövbə edib peşman olsa, Allah onu bağışlayar və yenidən qəbul edər.

Allahın mərhəməti tərbiyə və xəbərdarlıqla gözəl bir tarazlıq yaradır: O, şeytandan uzaq durmağımız üçün xəbərdarlıq edir, amma eyni zamanda qayıdış yolunu da açıq saxlayır.

Teqlər: quran
captcha