“İQNA”-nın “Akhbar al-Shia”ya istinadən verdiyi xəbərə görə, Kosovonun Müsəlman İşləri İdarəsi (İslam Məftiliyi) Albanca Quranın ilk tam tərcüməsinin nəşrinin 40-cı ildönümü münasibətilə paytaxt Priştinada elmi konfransla birgə bayram tədbiri təşkil edib.
Tədbirin açılış mərasimində çıxış edən Kosovonun İslam Məftiliyinin Mədəniyyət, Nəşriyyat və Media şöbəsinin müdiri Ramazan Şkodra bildirib: “Bu konfrans mərhum tərcüməçinin səylərinə hörmət və ehtiram əlaməti olaraq keçirilir. O tərcüməçi elmi baxımdan bənzərsiz bir əsərlə adını əbədiləşdirdi və albanlara Allahın Kitabının mənaları ilə birbaşa əlaqə qurmaq imkanı yaratdı.”
Daha sonra Kosovonun Müsəlman İşləri İdarəsinin rəhbəri Naim Tërnava tərcüməçinin səylərini və onun dinə və ölkəyə xidmətlərini yüksək qiymətləndirərək, bu tərcüməni “Albaniya xalqının tarixində ən mühüm elmi və dini nailiyyətlərdən biri” adlandırdı.
Qurani-Kərim üzrə tədqiqatçı Hüseyin Matoşi isə vurğuladı ki, Qurani-Kərimin tərcüməsi təkcə dini bir layihə deyil, eyni zamanda mədəni bir addım idi. Bu addım, alban dilli müsəlman cəmiyyətlərinin ictimai şüurunun formalaşmasında və bölgədə intibah və maarifçilik dəyərlərinin möhkəmlənməsində mühüm rol oynayıb.
Konfrans çərçivəsində Albanca Quran tərcümələrinin müxtəlif nüsxələrinin nümayiş etdirildiyi xüsusi sərgi də təşkil olunub. Bu sərgidə Qurani-Kərim tərcüməsi sahəsində ilk cəhdlərdən 1985-ci ildəki tarixi nəşrə qədər əldə olunmuş irəliləyişlər təqdim edilib.
Məlumata görə, bu nailiyyət Albaniya İslam mədəniyyəti tarixində dönüş nöqtəsi hesab olunur. Çünki bu tərcümə, Qərbi Balkanlarda yaşayan alban müsəlmanlarına Qurani-Kərimin mənalarını öz ana dillərində anlamaq imkanı yaratdı. Bundan əlavə, həmin tərcümə sonrakı onilliklərdə Albaniya İslam kitabxanasını zənginləşdirən çoxsaylı yeni tərcümə və təfsirlərin meydana gəlməsinə yol açdı.
4311590