İmam Hüseynin (ə) Yezidə qarşı qiyamı o qədər böyük və əfsanəvi bir hadisə idi ki, onun adı tarixdə əbədi olaraq qaldı. Bu dastanı yaradan İmam Hüseyn (ə) Peyğəmbəri-Əkrəmin (s) zamanında doğulmuş, babası Allahın Rəsulu (s) və atası Həzrət Əlinin (ə) yanında böyümüş və tərbiyə almış bir şəxsdir. Buna görə də, onlar uşaq olsalar da, Qurani-Kərimin nazil olduğu dövrdə Allah Rəsulunun (s) yanında olmuşlar.
Qurani-Kərimin bəzi ayələrində Hüseyn ibn Əlinin (ə) şəxsiyyətinə işarə edilir. Yaxud heç olmasa, o Həzrətin şəxsiyyətini həmin ayənin bariz nümunəsi hesab etmək olar. İmam Hüseyn (ə) Allah Rəsulunun (s) nəvəsidir və "Məvəddət" ayəsində örnək olanlardandır. Qurani-Kərimdə buyurulur: "De: Mən sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilindəyaxınların barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa heç bir müzd istəmirəm" (Şura, 23) . Əhməd İbn Hənbəl, İbn Mənzər, İbn Əbi Hatim, Təbərani və İbn Mərdəviyə kimi böyük hədis alimləri İbn Abbasdan belə rəvayət etmişlər: Bu ayə nazil olduğu zaman səhabələr dedilər: Ey Allahın Peyğəmbəri (s), sənin sevməyini bizə vacib etdiyin bu (qurba) qohumların kimlərdir? O Həzrət buyurdu: "Əli, Fatimə və onların iki oğlu (Həsən və Hüseyn)".
Başqa bir ayə isə Əhli-beyt ayəsidir ki, buyurulur: "Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz Əhli-beytdən hər cür çirkinliyi aradan qaldırmaq və sizi pak etmək istəyir" (Əhzab, 33). Hədislərdən məlum olur ki, Peyğəmbərin Əhli-beyti, Fatimə, Əli, Həsən və Hüseyndir. Məsələn, Peyğəmbərin (s) zövcələrindən Ümmü Sələmə rəvayət edir ki, Peyğəmbər (s) Fatiməyə (s) buyurdu: “Zövcəni və uşaqlarını da mənə gətir. Hamı toplaşdıqda Allah Rəsulu (s) onların üstünə bir parça atdı və sonra onlar üçün Əhli-beyt ayəsini oxudu.
Mübahilə ayəsi İmam Hüseynin (ə) böyük şəxsiyyətinə işarə edən başqa bir ayədir. Mübahilə hekayəsi Peyğəmbərin (s) dövründə Nəcran xristianlarının Peyğəmbərlə (s) vuruşduqları zamanın məşhur hekayələrindən biridir. Bu hekayədə, hər iki tərəf bir-birini lənətləmək qərarına gəldilər ki, görsünlər Allah onların hansını məhv edəcək. Bu ayədə buyurulur: "Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi mübahiləyə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)" (Ali-İmran, 61).
Mütəvatir şiə və sünni rəvayətlərinə görə, Peyğəmbər (s) vəd edilmiş yerə gedəndə yalnız Əli, Fatimə və onların iki övladı Həsən və Hüseyni (ə) özü ilə apardı. Deməli, bu ayədə “övladlarımız”ın (əbna) mənası Həsən və Hüseyndir (ə).