IQNA

İmam Hüseynin (ə) qiyamının Quran əsasları 1

Yaxşılığa əmr edib pislikdən çəkindirmək

12:18 - July 14, 2024
Xəbər sayı: 3496335
İQNA - Bəzi hədislərə görə, əmr be məruf və nəhy əz münkər dənizə bənzəyir ki, onun qarşısında başqa yaxşı əməllər bir damladan başqa bir şey deyildir.

İmam Hüseynin (ə), qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məşhur məktubunda qeyd etdiyi Yezidə qarşı qiyamın ikinci əsası “yaxşılığa əmr etmək və pislikdən çəkindirmək”dir. Bəzi hədislərə görə, əmr be məruf və nəhy əz münkər dənizə bənzəyir ki, onun qarşısında başqa yaxşı əməllər bir damladan başqa bir şey deyildir.
Qurani-Kərim dəfələrlə əmr be məruf və nəhy əz münkəri bütün möminlərin vəzifəsi kimi qeyd etmiş və bunu namaz qılmaq və zəkat verməklə bərabər iman ümmətinin vəzifələrindən biri hesab etmişdir. Məsələn, Qurani-Kərimin “Tövbə” surəsində buyurulur: "Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir" (Tövbə, 71).
Bu ayəyə görə, əmr be məruf və nəhy əz münkər cəmiyyətdə möminlər arasında dostluq və əməkdaşlıq əlaqəsi olduğundandır. Möminlər bir-birinin “qəyyumudur” və bu, müxtəlif işlərdə bir-birlərinə kömək etmələri deməkdir. Bir-birlərini yaxşı işlər görməyə əmr etməli, pis işlərdən çəkindirməlidirlər. Bu səbəbdən möminlər bir-birlərinə ürək yandırırlar və mömin qardaşlarına əmr və ya qadağan etməklə heç bir şəkildə üzülmürlər.
Lakin camaatın hakimi, Yezid ibn Müaviyə kimi fasiq və zalım bir şəxs olduqda iman cəmiyyətinin yaranmasına, möminlər arasında dostluq və qardaşlığın yaranmasına mane olur. O, cəmiyyətin müxtəlif qrup və qəbilələrini parçalayaraq, İmam Hüseyn (ə) kimi həqiqi möminləri təqib edərək, cəmiyyəti idarə etməyə çalışır. Burada Hüseyn ibn Əli (ə) kimi bir şəxs Yezid kimi fasiq bir hökmdarın əleyhinə qalxıb onu hakimiyyətdən uzaqlaşdırmaqla iman, dostluq və qardaşlıq cəmiyyətinin gerçəkləşməsinə yol hazırlamağı özünə vəzifə hesab edir. Bu baxımdan, ən böyük əmr be məruf və nəhy əz münkər, zalım hökmdarın əleyhinə qalxmaqdır.

captcha