IQNA

Kərbəlada Ərbəin ziyarəti üçün süni intellekt kameraları quraşdırılır

13:57 - July 31, 2025
Xəbər sayı: 3498619
İQNA – Həzrət Abbas (ə) Müqəddəs Hərəminin Rabitə və İnformasiya Təhlükəsizliyi Şöbəsi, İmam Hüseynin (ə) Ərbəin ziyarətinə gələn zəvvarların sayını hesablamaq məqsədilə Kərbəla küçələrində süni intellektlə işləyən kameraların quraşdırılmasına başlayıb.

“İQNA”-nın “Əl-Kəfil” saytına istinadən verdiyi xəbərə görə, bu şöbənin müdiri Firas Abbas Həmzə bildirib ki, şöbə əməkdaşları Ərbəin zəvvarlarının hərəkət etdiyi Kərbəla şəhərinə aparan beş əsas istiqamətdə insan sayan kameraların quraşdırılmasına başlayıblar.

O qeyd edib ki, kameraların quraşdırılması müvafiq idarələrlə koordinasiya əsasında həyata keçirilir. Bu kameralar müasir və qabaqcıl texnologiyaya malikdir, süni intellekt vasitəsilə işləyir, məlumatları təhlil edə və həm piyadaları, həm də avtomobilləri saymaq qabiliyyətinə malikdir.

Həmzə əlavə edib ki, zəvvarların sayını hesablamaq üçün quraşdırılan bu kameralar Ərbəin zəvvarlarının xidmətlərinin təşkili və müxtəlif planların hazırlanmasında böyük rol oynayacaq.

 

Həzrət Abbas (ə) müqəddəs hərəmi, milyonlarla zəvvarın uğurlu ziyarətini təmin etmək məqsədilə bütün imkanlarını, o cümlədən avadanlıq və personalı səfərbər edərək zəvvarlara ən yaxşı xidmətləri göstərməyə çalışır.

Bu istiqamətdə, Hərəmin Sənaye və Texniki İşlər Şöbəsi də Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəminə yaxın ərazilərdə yeni sahələrin zəvvarların istifadəsi üçün hazırlanmasına başladığını elan edib.

Bu şöbənin əməkdaşlarından Mustafa Əhməd Aşur bildirib ki, Məhərrəm ayının on üçündən etibarən milyonlarla zəvvarın ziyarətini qarşılamaq üçün yeni sahələrin hazırlanmasına başlanılıb.

O əlavə edib ki, bu tədbirlərə Ümmülbənin (ə) həyətinin və müqəddəs hərəmin kitabxana və əlyazmalar bölməsinin zirzəmisinin təchiz olunması, dəmir və taxta arakəsmələrin əlavə olunması, soyutma sistemləri, elektrik və havalandırma sistemləri ilə təchiz olunması daxildir.

Ərbəin zəvvarlarını qarşılamaq üçün Həzrət Abbas (ə) hərəmi tam hazır vəziyyətə gətirilir.

4297232

captcha