“İQNA”-nın “Middle East News”-a istinadla verdiyi xəbərə görə, bəzi siyasi və xidmət qurumlarının İraq şiələrinin ali mərcəsi Ayətullahul-üzma Seyyid Əli Sistaninin şəkillərini şəhərin müxtəlif yerlərində və xüsusilə də İmam Hüseyn (ə) hərəminə piyada gedən zəvvarların yolunda yerləşdirilmiş banner və posterlərdə istifadə etməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra, onun ofisi bu addımla bağlı narazılıq ifadə edən bir bəyanat yayımlayıb.
Bəyanatda deyilir: “Bəzi siyasi və xidmət qurumlarının hörmətli Ayətullahın şəkillərindən ictimai yerlərdə, xüsusilə də İmam Hüseynin (ə) Ərbəin ziyarəti zamanı keçirilən yürüşlərdə bannerlər üzərində istifadə etdiyi müşahidə olunub”.
Bəyanatda əlavə edilir: “Bu cür addımlara qarşı olduğumuzu bir daha vurğulayırıq və hər kəsi belə hərəkətlərdən çəkinməyə çağırırıq. Eyni zamanda, aidiyyatı qurumlardan bu məsələ ilə bağlı münasib tədbirlər görmələrini istəyirik”.
4297926