İQNA-nın Barnamaya istinadla verdiyi xəbərə görə, İman Rizvan Məhəmməd Ramlan Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 65-ci Beynəlxalq Quran Tilavəti və Hifzi Yarışlarında (MTHQA) tilavət üzrə birinci yeri qazanıb. Bu, onun sözügedən yarışmada ikinci iştirakıdır. O, 2022-ci ildə də Malayziyanı təmsil edib.
Perak ştatının Taypin şəhərindən olan 27 yaşlı qari bildirib ki, bu qələbə onun peşəkar fəaliyyətinin zirvəsidir. Mükafatlandırma mərasimində jurnalistlərə açıqlamasında deyib: “Əlhəmdulillah, çox həyəcanlı və xoşbəxtəm, çünki bu, beynəlxalq yarışda ilk qələbəmdir.”
İman, 15 yaşından tilavət yarışlarına qatıldığını və Malayziyalı qarilərdən öyrəndiyini, həmçinin İran və İndoneziya kimi ölkələrin qariləri ilə dostluq münasibətləri qurduğunu bildirib.
O, bu təmasların onun tilavət anlayışını dərinləşdirdiyini və icrasını yaxşılaşdırdığını deyib. Qari həmçinin təcviddə, tələffüzdə, səs keyfiyyətində və melodik tilavətdəki hazırlığının güclü çıxışına səbəb olduğunu vurğulayıb.
Bu ilin əvvəllərində, Ramazan ayında, İman İranın “Məclis” televiziya proqramında iştirak edib. Orada o, Misir və Malayziya üslublarının birləşməsindən ibarət tilavət təqdim edib, ardınca isə Həzrət Məhəmməd (s) haqqında nəşid oxuyub. Həmin proqramda o, həmçinin Malayziyanın çoxmədəniyyətli cəmiyyətindəki Quran mədəniyyəti barədə danışıb.
Aşağıda İman Rizvanın bu yarışmadakı tilavətinin videosunu izləyə bilərsiniz.
4299142