"İQNA"-nın "Əl-Təvasul"a istinadən verdiyi məlumata görə, Məhmənd 1988-ci ildə Sovet İttifaqının "Mir" kosmik stansiyasına missiyası zamanı özü ilə Quran nüsxəsi apararaq xüsusi tarixi yer qazanıb. O, kosmosda Quran ayələri oxuyub ki, bu addım da o dövrdə geniş diqqət çəkmişdi.
Həmin missiya zamanı o, kosmik stansiyadan anasına telefon zəngi edərək puştu dilini kosmosda danışılan dördüncü dilə çevirib. Əbdüləhəd bu tarixi missiyada iştirak edərkən 29 yaşında idi.
Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani Məhməndin vəfatından kədərləndiyini bildirərək, onun səylərini yüksək qiymətləndirib və vurğulayıb ki, o, Əfqanıstanın dünyadakı nümayəndəsi idi və ölkəsinin bayrağını və milli mesajını kosmosa aparmışdı.
Əbdüləhəd Məhmənd kim idi?
Əbdüləhəd Məhmənd 1959-cu ildə Qəzni vilayətinin Sərdi kəndində anadan olub. İbtidai təhsilini doğulduğu yerdə aldıqdan sonra təhsilini davam etdirmək üçün Əfqanıstanın paytaxtı Kabula köçüb.
Paytaxtdakı Politexnik İnstitutuna daxil olduqdan sonra keçmiş Sovet İttifaqına gedib və orada ixtisaslaşmış aviasiya təlimləri keçib.
Əfqanıstana qayıtdıqdan sonra 1981-1984-cü illər arasında Bəgram aviabazasında hərbi hava qüvvələrində pilot kimi xidmət edib. Daha sonra ali təhsilini Kiyev Mühəndis-Aviasiya İnstitutunda davam etdirib. Bu müddətdə əfqan pilotlar qrupunun üzvü kimi kosmik uçuşa yararlılıq imtahanlarını uğurla keçib.
29 avqust 1988-ci ildə "Mir" kosmik stansiyasına uçub və həmin il sentyabrın 7-də yerə qayıdıb. Missiyanın səkkiz gün davam etməsi nəzərdə tutulsa da, uğurla aradan qaldırılan texniki nasazlıq səbəbindən uçuş bir gün də uzadılıb.
Almaniyaya mühacirət
Kosmosdan qayıtdıqdan sonra Məhmənd elmi və peşəkar fəaliyyətini davam etdirib; Moskvada təhsil alıb, Əfqanıstan Elmlər Akademiyasında çalışıb və Mülki Aviasiya və Turizm Nazirliyinin texniki məsələlər üzrə nazir müavini vəzifəsində işləyib.
1992-ci ildə Əfqanıstanda vətəndaş müharibəsi başlayandan sonra bu kosmonavt ailəsi ilə birlikdə ölkəni tərk edərək Almaniyaya köçüb və Ştutqart şəhərində məskunlaşıb. Orada özəl sektordakı fəaliyyəti ilə yanaşı, Ştutqart Universitetinin Kosmik Tədqiqatlar Mərkəzində işləyib.
Məhmənd o vaxtdan bəri həyat yoldaşı və üç övladı ilə birlikdə Almaniyada yaşayıb və özündən sonra onu kosmik kəşfiyyat sahəsində ən görkəmli əfqan simalarından birinə çevirən elmi və tarixi bir miras qoyub.
4359935