“İQNA”, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə (SPA) istinadən xəbər verilir ki, Ciddənin tarixi bölgəsində yerləşən Qırmızı Dəniz Muzeyi qiblənamələr, kompaslar və günəş saatları da daxil olmaqla, 20-dən çox tarixi dənizçilik alətini nümayiş etdirməklə İslam dünyasının dənizçilik irsinin bir hissəsini göz önünə sərir.
Bu eksponatların bəzilərinin 400 ildən çox yaşı var və onlar Quran ayələri, zikrlər və İslam naxışları ilə bəzədilib.
Muzeydə 17–20-ci əsrlərə aid mis, gümüş, ağac, fil sümüyü və şüşədən hazırlanmış alətlər sərgilənir. Bu alətlər müsəlmanların dənizçilik elmi, astronomiya, namaz vaxtlarının təyini və qiblə istiqamətinin müəyyən edilməsi sahəsindəki irəliləyişlərini nümayiş etdirir.
Bu qiymətli irsi qoruyub saxlamaqla və tanıtmaqla, muzey Qırmızı dənizin ticarət və həcc yollarındakı tarixi rolunu vurğulayır. Bu fəaliyyət "Tarixi Ciddənin bərpası" və "Səudiyyə Vizyonu 2030" hədəfləri çərçivəsində ziyarətçilərin mədəni təcrübəsini zənginləşdirməyə xidmət edir.




4360932