Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.
O ilahi mesajlardan biri də budur ki, hər bir halda ədalətli olmalıyıq. Çünki ədalət insan həyatına səadət gətirər. Necə ki, “Maidə” surəsində buyurulur:
«یأَیهَا الَّذِینَ ءَامَنُواْ کونُواْ قَومِینَ لِلَّهِ شُهَدَآءَ بِالْقِسْطِ وَلَا یجْرِمَنَّکمْ شنَئَانُ قَوْمٍ عَلَی أَلَّا تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَی وَاتَّقُواْ اللَّهَ إِنَّ اللَّهَ خَبِیرٌ بِمَا تَعْمَلُونَ»
“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır” (Maidə, 8).
Bəli, ədalətli olmaq insan üçün səadət gətirir; çünki ədalət insanı kamilliyə və səadətə yönəldir və ona həm daxili işlərində, həm də başqaları ilə münasibətlərində varlığının bütün cəhətlərində tarazlığa nail olmağa imkan verir. Ədalət insanın sabit bir sifəti kimi onu həyatın doğru və düzgün yoluna yönəldir və onun dünyada və axirətdə nicat və xilas tapmasına səbəb olur.
Qurani-Kərim açıq şəkildə bildirir ki, fərdi və ictimai həyatda ədalətə riayət etmək insanın səadət və nicatına səbəb olur. Çünki ədalət təqvanın mühüm sütunlarından biridir və xeyirə, islah və salaha çatmağın amilidir. İnsan ədalətə sadiq qalmaqla ilahi yolda addımlayır və səadətə nail olur.
İnsan həyatının həqiqəti ədalət prinsipinə bağlıdır. Ədalət elə tövhid prinsipi kimi təbiət nizamında kök salmışdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Ədalət ilə göylər və yer bərqərar olmuşdur». Yəni, göylər və yer ədalətlə möhkəmlənmişdir. Buna görə də ədaləti nəzərə almamaq təbii nizamla müxalifət, ona diqqət yetirmək isə varlıq aləminin nizamı ilə həmahəng olmaq deməkdir.
Ədalət sözlükdə bərabərlik, zülmün əksi və ifrat ilə təfritin olmaması mənasına gəlir. Termində isə hər kəsin layiq olduğu haqq və məqamı gözləməkdən ibarətdir. Ədalətin bu mənada tərifi müsəlman mütəfəkkirlər arasında yayılmış anlayışdır. Buna görə də onlar ədaləti belə açıqlamışlar: “Hər bir haqq sahibinə haqqını vermək”.
Quranda “ədalətli olmaq” – haqqa dayanmaq, başqalarının haqlarını ödəmək və hətta düşmənlərə qarşı belə hər cür zülm və haqsızlıqdan çəkinmək deməkdir. Bu anlayış fərdi və ictimai həyatın bütün sahələrində – o cümlədən mühakimə, alış-veriş və ailə münasibətlərində – vurğulanmış, cəmiyyətin möhkəmliyinin əsası və insanları səadətə yönəldən bir yol sayılmışdır.
İnsan şərəfi ədalətə riayət etməklədir. Əgər bir hökmdar ədalətli olsa, xalqı ilahi inayətlərdən və rəhmət bərəkətlərindən bəhrələnər.
Allah peyğəmbərləri açıq-aşkar dəlillərlə göndərdi ki, ədaləti bərpa etsinlər və cəmiyyət tənəzzülə uğramasın.
İnsanların bir-birinə ehtiyacı tələb edir ki, nizamda, əxlaqda, əhd-peymanlarda, hətta övladlar arasında da tam şəkildə orta yol və ölçü gözlənilsin.
İfrat və təfrit ədalətin təməlini sarsıdır və insanlar arasında ixtilafı alovlandırır.
Bir zahid Mansur Dəvaniqi – Abbasilərin ikinci xəlifəsinin hüzuruna gəldi və ona nəsihət edirdi. Nəsihət əsnasında dedi:
“Mən səfərlərimdə Çinə getmişdim. Orada ədalətli bir padşah var idi. Bir gün həmin padşah xəstəliyə düçar oldu və eşitmə qüvvəsi zəiflədi.
Vəzirlərini çağırıb dedi: Mən çətin bir xəstəliyə tutulmuşam və eşitmə gücümü itirmişəm – deyərək bərk ağladı.
Onlar dedilər: Əgər eşitmə gücünüz zəifləyibsə, Allah taala padşahın ədalət və insafının bərəkəti ilə ömrünüzü uzun etsin.
Padşah dedi: Siz yanılırsınız və fikriniz həqiqətdən uzaqdır. Mən eşitmə qüvvəmi itirdiyimə görə ağlamıram. Çünki ağıllı insan bilir ki, sonda bütün bədən üzvləri fani olacaq. Mən ona görə ağlayıram ki, əgər bir məzlum fəryad edib kömək istəsə və haqq tələb etsə, mən onun səsini eşitməyəcəm və haqqını bərpa edə bilməyəcəm.
Sonra əmr verdi ki, bütün şəhərlərdə kim zülmə məruz qalsa, qırmızı paltar geyinsin. Beləliklə, padşahın məmurları uzaqdan baxaraq bilsinlər ki, o şəxs məzlumdur və gedib haqqını alsınlar.
Beləliklə, Quranda ilahi mesajlardan biri budur ki, hər bir halda kimliyinidən asılı olmayaraq ədalətli olmalıyıq.