“İQNA”-nın “SANA” agentliyinə istinadla verdiyi xəbərə görə, Şam Müshəfi dünyada yazılmış ən böyük Qurani-Kərim hesab olunur ki, 20 il davamlı iş nəticəsində elmi dəqiqlik və bədii xüsusiyyətlərə riayət olunmaqla köçürülüb.
Bu layihəni Məhəmməd Mütez Ubeyd 17 ölkədən 62 xəttatın iştirakı ilə həyata keçirib və Quran ilk dəfə iqtisadi və mədəni hadisə sayılan 62-ci Dəməşq Beynəlxalq Sərgisində ictimaiyyətə təqdim olunub.
Quranın köçürülməsi ideyası 2005-ci ilə gedib çıxır. Həmin vaxt Məhəmməd Mütez Ubeyd qərara alır ki, Suriyaya və İslam dünyasına mənəvi və bədii dəyərlərin rəmzi olacaq unikal bir Qurani-Kərim təqdim etsin.
Layihənin praktiki mərhələsi Dəməşqin qədim hissəsindəki Xan Əsəd Paşada başlanıb. Dünyanın müxtəlif yerlərindən xəttatlar xüsusi sərgidə toplaşaraq bütün Qurani-Kərimi yazıblar.
Ubeydin sözlərinə görə, köçürmə mərhələsi bir il ərzində tamamlanıb və Şam Müshəfinin əsas səhifələri 2006-cı ildə Hələb qalasındakı “Taxt-tac” salonunda sərgilənib.
Bu layihədə Suriya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fələstin, İordaniya, Küveyt, BƏƏ, Yəmən, Hollandiya, Pakistan, Banqladeş, Əfqanıstan, Misir, İraq, Sudan, Liviya və Əlcəzair olmaqla 17 ölkə iştirak edib. Bu isə Qurani-Kərimin himayəsi altında İslam ümmətinin birliyini təcəssüm etdirir.
Şam Müshəfinin səhifələrinin hündürlüyü 2,5 metr, eni isə 1 metr 55 santimetrdir. Quran 125 əsas səhifə və 9 əlavə səhifədən ibarətdir.
Qurandakı hər səhifədə 33 sətir var və onun İslam üslubunda bəzəklərini və bəzəmə işlərini suriyalı–almaniyalı sənətkar Əbdülkərim Dərviş yerinə yetirib.
Bundan əlavə, bu Qurani-Kərim 2024-cü ildə müasir texnologiyalardan istifadə edilməklə süni dəri ilə cildlənib və çap olunub.
Məhəmməd Mütez Ubeyd “SANA”-ya açıqlamasında bildirib ki, Şam Müshəfi Suriyadan dünyaya sülh və məhəbbət mesajı çatdırır və bütün çətinlikləri geridə qoyaraq mənəvi və mədəni dəyərləri təsvir edir.
Suriyanın Vəqflər Nazirliyi ilk nüsxəni Dəməşqdəki Üməyyə məscidinə yerləşdirməyi planlaşdırır. Həmçinin İslam birliyini möhkəmləndirmək məqsədilə digər nüsxələrin Məscidül-həram, Məscidün-nəbi (s) və Məscidül-əqsaya göndərilməsi nəzərdə tutulub.
Bu Qurani-Kərim 2006–2011-ci illərdə fiqhi və dilçilik baxımından araşdırılıb və Suriyanın Vəqflər Nazirliyi ilə Alimlər Şurasından rəsmi təsdiq alıb.
Bundan başqa, İordaniya Vəqflər Nazirliyi 2012-ci ildə, Əl-Əzhər isə 2022-ci ildə onu təsdiqləyib. Layihə Ginnesin dünya rekordları kitabına təqdim olunub və xüsusi nömrə ilə rəsmi qeydiyyat gözlənilir.
4303165