“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Məmdani indi son yüz ildən artıq müddətdə Nyu-Yorkun ən gənc meri və bu şəhərin ilk müsəlman rəhbəridir.
Amerika mediasının məlumatına əsasən, bu seçki ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçün böyük məğlubiyyət sayılır. Tramp açıq şəkildə Məmdaninin mövqelərini tənqid edərək onu “kommunist” adlandırmışdı.
Tramp hətta Nyu-York sakinlərini hədələyərək demişdi: “Əgər kommunist namizəd Zəhran Məmdani Nyu-York meri seçkilərində qalib gəlsə, mənim sevimli doğma şəhərim üçün federal büdcədən minimum zəruri olan məbləğdən artıq vəsait ayrılması çox çətin olacaq. Mən prezident kimi pulları israf etmək istəmirəm.”
“New York Times” qəzetinin məlumatına görə, Məmdani Nyu-York seçicilərinin 50 faizdən çox səsini qazanaraq qalib gəlib, Endrü Kuomo isə cəmi 41 faiz səs toplayıb.
Bloomberg agentliyi isə Nyu-York meri seçkilərində son onilliklərin ən yüksək seçici fəallığının qeydə alındığını bildirib.
Xatırladaq ki, Nyu-York meri seçkilərində “Zəhran Məmdaninin sürətli yüksəlişi” onu ABŞ miqyasında milli bir simvola çevirdi; o, bir tərəfdən amerikalı müsəlmanların çoxu üçün qürur mənbəyi, digər tərəfdən isə sağ cinah siyasətçilərinin hücum hədəfi oldu.
Məmdani siyasətçi, ictimai fəal və Nyu-York ştatının qanunverici məclisinin üzvüdür. O, Uqandanın paytaxtı Kampalada doğulub və yeddi yaşında ailəsi ilə birlikdə Nyu-Yorka köçüb.
O, təhsilini Nyu-Yorkun dövlət məktəblərində alıb, daha sonra Bronx Elm Liseyini bitirib. Məmdani Afrikaşünaslıq ixtisası üzrə “Bowdoin” Kollecindən bakalavr dərəcəsi alıb və 2018-ci ildə ABŞ vətəndaşı olub.
Universitet illərində o, “Fələstin üçün Ədalət” tələbə təşkilatının (Students for Justice in Palestine) təsisçilərindən biri olub və milli səviyyədə sosial-proqressiv qurumlarla əməkdaşlıq edərək səhiyyə xidmətlərinin genişləndirilməsi və seçkilərdə iştirak təşviqi istiqamətində fəaliyyət göstərib.
Fələstinlilərin hüquqlarını uzun illər müdafiə edən Məmdani, İsraili Qəzzada soyqırımı törətməkdə ittiham edib və bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində çıxarılan həbs qərarı Nyu-Yorka gəldiyi təqdirdə icra olunacaq.
4314904