“İQNA”-nın İraq rəsmi xəbərlər agentliyinə (INA) istinadən verdiyi xəbərə görə, Müqəddəs Hərəm açıqlayıb ki, Kərbəla yerli hökumətinin birbaşa əməkdaşlığı ilə “Ya Hüseyn” yolu boyunca ağacəkmə kampaniyasına start verilib.
Hərəm əlavə edib ki, layihə çərçivəsində ilk ağac “Ya Hüseyn” yolunda simvolik şəkildə əkilib. Bu mərasimdə Müqəddəs Hərəmin baş katibi Mustafa Mürtəza Ziyauddin, onun müavini, idarə heyətinin bir neçə üzvü, eləcə də hökumət nümayəndələri iştirak ediblər. Bu mərasim layihənin əhəmiyyətini və onun real icrasına başlanıldığını vurğulayıb.
Layihəyə nəzarət komitəsinin sədri Cavad əl-Həsnəvi bildirib: “Müqəddəs Abbas Hərəmi ziyarət mövsümləri, xüsusən də isti yay aylarında milyonlarla zəvvarın yolu olan bu marşrutda kölgənin azlığı səbəbilə çəkdikləri əziyyəti azaltmaq üçün “Ya Hüseyn” yolu boyunca ağacəkmə layihəsini həyata keçirməyə başlayıb.”
O əlavə edib ki, Müqəddəs Abbas Hərəminin nazir-i mütəvəllisi Alim Əhməd əs-Safi idarəyə göstəriş verib ki, Nəcəfdən Kərbəlaya qədər yolun hər iki tərəfində ağacların əkilməsini nəzərdə tutan geniş bir layihə hazırlansın. Məqsəd zəvvarlar üçün daha rahat mühit yaratmaqdır.
Əl-Həsnəvi izah edib ki, layihənin birinci mərhələsi artıq başlayıb və bu mərhələ Kərbəlada kəmər yolunun başlanğıcından (Əbu Mehdi əl-Mühəndis küçəsi) Xannəss bölgəsinə qədər olan məsafəni əhatə edir.
O vurğulayıb ki, Müqəddəs Hərəm layihənin uğurla tamamlanması üçün bütün bölmələrini, eləcə də logistika və texniki imkanlarını səfərbər edib.
Əl-Həsnəvinin sözlərinə görə, bu iş Kərbəla yerli hökuməti — Dövlət Xidmətləri İdarəsi — ilə əməkdaşlıq çərçivəsində və Kərbəla valiliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Bundan əlavə, layihənin su təminatı və suvarma sisteminə nəzarət edən Su Ehtiyatları İdarəsi də daxil olmaqla digər xidmət qurumları da layihəyə qatılıb.
Layihənin nəzarət mühəndisi Əhməd Nur Mehdi isə deyib: “Layihənin tamamlanması üçün işlər davamlı şəkildə aparılır. ‘Ya Hüseyn’ və uzunluğu 35 km olan ‘Ya Əli’ yollarının yaşıllaşdırılması həm ekoloji, həm də xidmət baxımından zəvvarların istifadə etdiyi yolların ümumi görünüşünü və rahatlığını gücləndirəcək.”
4318721