İQNA – Aleksandr Duqin hesab edir: "Ayətullah Xamenei təkcə görkəmli bir siyasətçi və ziyalı deyil, həm də mənəvi prinsipinin simvolu idi. Onun varlığı, əsl siyasi sistemə məna verən bir zirvə idi. Bu şəhidin yüksəlişi əbədiyyətə bir qapı açdı. Qədim İran ənənəsindəki nurlu "Minuq" (Minoo) aləminə gedən bir qapı".
“İQNA”-nın İslam Radio və Televiziya İttifaqına istinadən verdiyi məlumata görə, görkəmli rus filosofu və nəzəriyyəçisi Aleksandr Duqin geniş bir müsahibədə İran İslam İnqilabının rəhbəri şəhid Ayətullah Xameneinin şəxsiyyətinin və irsinin müxtəlif aspektləri, habelə İran xalqının ölkənin müdafiəsindəki mövqeyi haqqında danışıb. Şəhidlik mədəniyyəti, Vilayəti-Fəqih sistemi, Qərblə qarşıdurma və milli hazırlıq mövzularına həsr olunmuş bu müsahibənin tam mətni aşağıdakı kimidir:
Duqinin nəzərində şəhid Ayətullah Xameneinin şəxsiyyət xüsusiyyətləri
İran xalqına dərin hüznlə başsağlığı verən Aleksandr Duqin deyib: "Uzun illərdir şiə ənənəsini və İran İslamını öyrənən bir pravoslav xristian kimi mən şəhidliyi təkcə bir əzab deyil, həm də həqiqətin şahidi hesab edirəm. Bizim ənənəmizdə kilsə şəhidlərin vücudu üzərində qurulub və şəhidlik Allahın insan varlığına bəxş etdiyi bir möcüzədir. Ayətullah Xamenei də daxil olmaqla şəhidlər təkcə qurban deyil, öz fədakarlıqları ilə Mehdinin (ə.f) zühurunu yaxınlaşdıran həqiqi şahidlərdirlər. Bu ölüm mənasız deyil; o, gələcəyin varlıq toxumasını formalaşdırır və İran mədəniyyəti bu həqiqəti hər kəsdən daha yaxşı dərk edir."
Şəhid Ayətullah Xameneinin irsi və Vilayəti-Fəqih sistemi
Vilayəti-Fəqih strukturuna işarə edən Duqin vurğulayıb: "İranın siyasi sisteminin ən mühüm xüsusiyyəti onun başında mənəvi bir şəxsiyyətin dayanmasıdır; yalnız Allah qarşısında cavabdeh olan bir şəxs. Ayətullah Xamenei təkcə görkəmli siyasətçi və ziyalı deyil, mənəvi prinsipinin simvolu idi. Onun varlığı, əsl siyasi sistemə məna verən bir zirvə idi. Bu şəhidin yüksəlişi əbədiyyətə bir qapı açdı; qədim İran ənənəsindəki nurlu "Minuq" aləminə gedən bir qapı. Bu hadisə böyük dəyişikliklərə yol açacaq və kiçik, lakin qəhrəman İran bütün Qərbə qarşı durub qalib gələcək."
Duqinin ABŞ və sionist rejimin İrana qarşı təcavüzünə dair təhlili
Rus filosofu son hücumlarla bağlı suala cavab verərkən sərt bir tonla bildirib: "İranlı uşaqların və mülki şəxslərin qətlində heç bir siyasi və ya hərbi məna yoxdur; çünki müasir Qərb, günahsızları öldürməkdən başqa hədəfi olmayan Bəal və Dəccal sivilizasiyasıdır. İran "Bəal"ın rəmzi olaraq yandırılması mərasimi ilə Amerika-sionist rejiminin əsl mahiyyətini ifşa etdi. Bu gün müqavimət cəbhəsi kimi İran və Rusiya bu şeytani sivilizasiya ilə mübarizə aparır. Bu, bəşəriyyətin düşməni ilə müharibədir və qələbə Allahın tərəfində olanlarındır. Şiələrin və rus şəhidlərinin əzabı tezliklə kompensasiya olunacaq və bəhrələri üzə çıxacaq."
İran xalqının ölkəni müdafiə etməyə hazırlığı
Son suala cavab verən Duqin İranın milli birliyinə işarə edərək deyib: "Dünyanın bu gün şahidi olduğu şey, İran xalqının bənzərsiz birliyidir; hamısı müxtəlif mədəni və zehni baxışlardan olmasına baxmayaraq, "Mən İran üçün öləcəyəm" şüarı altında birləşiblər. Bu fədakarlıq hazırlığı, İranın qayıdılmaz mənəvi qələbəsini göstərir. Bunun əksinə olaraq, İsraillə sövdələşməyə gedən bəzi İslam ölkələrinin davranışı utancvericidir. Dünya müsəlmanlarına deyirəm: Dəccala qarşı həqiqi cihada qoşulun və Xorasanın qara bayrağını qaldıran İrana dəstək olun. Mənim fikrimcə, Mehdinin (ə.f) zühuru yaxındır."
Aleksandr Duqin sonda İran xalqına müraciət edərək vurğulayıb: "Biz Rusiya xalqı olaraq, sizi bütün varlığımızla heyranlıqla izləyirik. Qərbə etibar etməyin; çünki şeytanla edilən sövdələşmə qanla imzalanır. Birlikdə dayanın və möhkəm olun; çünki qələbə bizindir və şəhidlərimiz bu əbədi həqiqətin şahididir."
4361788