“İQNA”-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, "Əl-Muğəyyər" klubunun oyunçusu və Fələstin yeniyetmələr milli komandasının üzvü "Fadi Həmdullah Əl-Nəssan"ın dəfn mərasimi onlarla insanın iştirakı ilə keçirilib. Onun nəşi Ramallahdakı Fələstin Tibb Kompleksindən doğulduğu yerə aparılaraq dəfn edilib.
Fələstin Futbol Federasiyası bildirib ki, iyulun 11-də sionist qüvvələr Əl-Muğəyyər kəndinə hücum edən məskunlaşanlarla eyni vaxtda Əl-Nəssana atəş açıblar.
Bəyanata əsasən, bu yeniyetmə futbolçu bud nahiyəsindən güllə yarası alıb. Həkimlər onun həyatını xilas etmək üçün ayağını amputasiya etməli olsalar da, o, nəhayət aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.
Atası Həmdullah Əl-Nəssan "France-Presse" agentliyinə verdiyi müsahibədə deyib: "O, futbolu sevirdi və hamı onu sevirdi. Məskunlaşanlar hücum edəndə qadınların və qızların qışqırıqlarını eşidib. Kömək etmək üçün hücum yerinə gedib və elə orada şəhid olub".
Anası Xanən Əl-Nəssan isə deyib: "Fadi yaxşı şagird, uğurlu idmançı və futbol aşiqi idi. Hamı onu sevirdi. Allah onu şəhidlər sırasında qəbul etsin".
Fələstin Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanan "France-Presse" agentliyinin statistikasına görə, 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində İsrail qüvvələri və ya sionist məskunlaşanlar tərəfindən azı 1088 fələstinli şəhid edilib.
4364809