Həzrət Fatimeyi Zəhranın (s) şəhadət günləri münasibətilə İranın Məşhəd şəhərində yerləşən Həzrət İmam Rza (ə) türbəsinə qara bayraq asıldı.
Əyyami Fatimiyyə və ya Fatimiyyə günləri şiə müsəlmanlarının Həzrət Fatimənin (s) şəhadət günləri münasibətilə yas və matəm saxladıqları günlərin adıdır.
Həzrət Fatimə (s) besətin 2-ci ilinin Cəmadiüssani ayının 20-də dünyaya gəlib və hicrətin 11-ci ilində Cəmadiüssani ayının 3-də şəhid olub.
Bu uca şəxsiyyət uşaqlıq dövrünü Peyğəmbərimizin (s) evində, o həzrətin tərbiyəsi və təlimi ilə keçirərək ən yüksək insani fəzilət və dərəcələrə çatıb.
Həzrət Fatimə qısa ömrü boyu haqqı və həqiqəti müdafiə etməkdən heç vaxt əl çəkməmiş və tarix boyunca bütün müsəlmanlara ədalətsizlik qarşısında susmağın qəbul edilməz olduğunu göstərmişdir.
Siddiqə, Raziyə, Mərziyyə, Zəhra, Bətul, Əzra, Tahirə və Ümmi Əbiha ləqəbləri ilə tanınan Həzrət Fatimənin (s) şərəfinə Qurani-Kərimdə bir çox ayələr nazil olub.