IQNA

İsrail Türk xəstəxanasına basqın edib

10:12 - December 07, 2024
Xəbər sayı: 3497193
İQNA - Sionist rejim qüvvələri Fələstinin işğal altındakı İordan çayının Qərb Sahilində yerləşən Türk Dövlət Xəstəxanasına basqın edərək tibb işçilərini həbs edib. Xəstəxana yaxınlığında toqquşmaların baş verdiyi bildirilib.

Fələstin xəbər agentliyi "WAFA" İsrail təhlükəsizlik qüvvələrinin işğal altında olan Qərb Sahilindəki Tubas şəhərində yerləşən Türk Dövlət Xəstəxanasına basqın etdiyini xəbər verib. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən inşa edilən xəstəxana 2013-cü ildən bəri fəaliyyət göstərir.

Birinci mərtəbəni ələ keçirdilər

İsrail qüvvələri səhər saatlarında Tubasın şimalındakı Akaba qəsəbəsinin girişində bir avtomobili dron hücumu ilə hədəf alaraq iki fələstinlini öldürüb. Ardınca Tubas Türk Dövlət Xəstəxanası mühasirəyə alınıb. Keçirilən basqında xəstəxananın baş direktoru Məhəmməd Samara da daxil olmaqla, beş tibb işçisi həbs edilib. Fələstin Səhiyyə Nazirliyinə bağlı xəstəxanaların baş direktoru Heysəm Hidri, İsrail qüvvələrinin xəstəxananın birinci mərtəbəsini ələ keçirdiyini və təcili yardım şöbəsinin müdiri Məhəmməd Qənnama xəstələrin gözü qarşısında hücum etdiyini bildirib. Birinci mərtəbədəki xəstələrin digər mərtəbələrə köçürülməsinin onların həyatını təhlükəyə atdığını deyən Hidri, İsrail qüvvələrinin bir xəstəni də yaraladığını qeyd edib.

captcha