İQNA-nın Tehranın Bələdiyyəsi Qadınlar və Ailə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, Ərbəin yürüşü İslam dünyasının ən böyük mənəvi tədbirlərindən biri olaraq ailə üzvlərini birləşdirən və insani dəyərləri möhkəmləndirən mühüm rola malikdir.
Bələdiyyənin Qadınlar və Ailə Mərkəzi bu il də Ərbəin Qadınlar Komitəsi vasitəsilə qadınlar və uşaqlar üçün xüsusi xidmət stendi quraraq, Hüseyn (ə) yolunda müxtəlif mədəni və tərbiyəvi fəaliyyətlər həyata keçirib.
Layihə çərçivəsində qadınlar, uşaqlar və yeniyetmələr üçün 30 nəfərlik müəllim və könüllü heyəti nağıl saatları, əl işləri, rəsm və hekayəçilik kimi proqramlarla uşaqları dini və sosial dəyərlərlə tanış edib, kollektiv həyat bacarıqlarını təcrübədən keçirmələrinə şərait yaradıb. Bu xidmətlər 10 gün boyunca piyada ziyarət marşrutu üzərində təqdim olunub.
Eyni zamanda “Qəzzə üçün Analar” kampaniyası çərçivəsində zəvvarlardan, xüsusilə qadın və qızlardan imza toplanaraq Fələstinli uşaqların soyqırımına etiraz bildirilib. Dünyanın azadlıqsevər qadınlarının səsi ilə birləşən bu kampaniya Qəzzənin məzlum qadın və uşaqlarına həmrəylik mesajını bütün dünyaya çatdırmağı hədəfləyir.
Mərkəz bildirib ki, qadınların ailə və cəmiyyətin möhkəmlənməsindəki əsas mövqeyini nəzərə alaraq, mühüm dini və ictimai tədbirlərdə məqsədyönlü və təsirli xidmətlər təqdim olunur, bütün ailə üzvləri üçün təhlükəsiz və mehriban mühit yaradılır.
4299246