IQNA

Rəhbər televiziya çıxışında:

ABŞ-la nüvə məsələsində danışıqlar tam bir çıxılmazlıqdır

10:57 - September 24, 2025
Xəbər sayı: 3498921
İQNA – Ali Rəhbər, televiziya çıxışında ABŞ-la danışıqları onun indiki prezidenti üçün faydalı, nümayiş məqsədli və onun təhdidlərinin təsirli olduğu görüntüsünü yaratmaq, həmçinin İranı danışıqlar masasına oturtmaq üçün bir vasitə adlandıraraq vurğuladı: “ABŞ-la nüvə məsələsində, bəlkə də digər məsələlərdə danışıqlar tam bir çıxılmazlıqdır”.

“İQNA”, Ali Rəhbərin rəsmi informasiya portalının məlumatına istinadən xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei xalqla televiziya çıxışında İran xalqının davamlı birlik və həmrəyliyini düşmənin başına endirilmiş polad yumruq adlandıraraq, qeyrətli İran xalqının faydalı uranın zənginləşdirilməsi texnologiyasından imtina etməsi üçün düşmənin təzyiq və hədə-qorxularına boyun əyməməsinin səbəbini izah etdi və vurğuladı: “ABŞ-ın əvvəldən nəticəsini müəyyən edib diktə etdiyi danışıqlar faydasız və ziyandır. Çünki bu, zorakı düşməni sonrakı hədəflərini diktə etməyə tamahlandırır, heç bir zərəri bizdən dəf etmir və belə danışıqları heç bir şərəfli millət və ağıllı siyasətçi qəbul etməz”.

Rəhbər çıxışlarının əvvəlində dərs və elm ayı olan Mehr ayının başlanmasını, milyonlarla gənc və yeniyetmənin bilik və bacarıq istiqamətində hərəkətə başlamasını təbrik edərək ölkə məsullarını – xüsusilə Təhsil Nazirliyi, Elm Nazirliyi, həmçinin Səhiyyə və Müalicə Nazirliyini İran gəncinin fövqəladə istedadının dəyərini dərk etməyə və bu ilahi nemətdən düzgün faydalanmağa qəti şəkildə tövsiyə etdi.

Ali Rəhbər son iki ayda keçirilmiş beynəlxalq yarışlarda iranlı şagirdlərin qazandığı 40 müxtəlif medal, o cümlədən 11 qızıl medala işarə edərək dedi: “Şagirdlərimiz 12 günlük müharibəyə və ondan qaynaqlanan çətinliklərə baxmayaraq, astronomiya sahəsində dünya birincisi oldular, digər fənlərdə də yaxşı nəticələr qazandılar. Eləcə də bu istedad gənclərimizin son günlərdə güləşdə parlamasına, bundan öncə voleybol və digər bəzi sahələrdə iftixar gətirməsinə səbəb oldu.

Rəhbər həmçinin şəhid Seyid Həsən Nəsrullahın şəhadət ildönümünə işarə edərək, bu böyük mücahidi İslam dünyası, şiə və Livan üçün böyük bir sərvət adlandırdı və bildirdi: “Seyid Həsən Nəsrullahın yaratdığı sərvət – o cümlədən Hizbullah – qalıcı və davamlıdır, bu mühüm sərvətdən Livanda və Livandan kənarda qafil olmamaq lazımdır”.

Həzrət Ayətullah Xamenei 12 günlük müharibənin şəhidlərinin – sərkərdələr, alimlər və digər şəhidləri – xatirəsini əziz tutaraq, onların ailələrinə səmimi və ürəkdən başsağlığı verdi və xalqla televiziya çıxışının əsas mövzularını üç istiqamətdə cəmləşdirdi:

İran xalqının 12 günlük müharibədə, eləcə də ölkənin bu günü və gələcəyində birliyi və həmrəyliyinin əhəmiyyəti,

Faydası çox olan uranın zənginləşdirilməsinin əhəmiyyətinin izahı,

ABŞ-ın təhdidləri qarşısında xalqın və sistemin möhkəm və ağıllı mövqelərinin bəyanı.

Ali Rəhbər birinci mövzunun izahında xalqın birliyini 12 günlük müharibədə düşmənin ümidsizliyinin əsas amili adlandıraraq buyurdu: “Komandanların və bəzi təsirli şəxslərin vurulması, düşmənin ölkədə, xüsusilə Tehranda, öz adamlarının köməyi ilə iğtişaş və qarışıqlıq yaratması, əgər bacarsa xalqı İslam Respublikasına qarşı küçələrə çıxarması, ölkənin işlərini pozaraq əsas sistemi hədəfə alması və sonrakı planları ilə İslamı bu torpaqdan kökündən silib atması üçün bir vasitə idi”.

Həzrət Ayətullah Xamenei şəhid komandanların canişinlərinin tez bir zamanda müəyyən olunmasını, silahlı qüvvələrin daha da möhkəmlənməsini və yüksək ruhiyyəsini, ölkənin isə nizam-intizam və qayda ilə idarə olunmasını düşmənin məğlubiyyətində təsirli amillərdən hesab etsə də, vurğuladı ki, düşmənin uğursuzluğunda ən təsirli ünsür xalq idi. Xalq birlik və həmrəyliklə düşmənin istəklərindən əsla təsirlənmədi, işğalçılara qarşı və İslam Respublikasını müdafiə etmək üçün küçələri doldurdu”.

O düşmənin bacarıqsızlıq və gücsüzlüyə görə İranda olan adamlarını sorğu-sual etməsinə işarə edərək əlavə etdi: “Sionizm və Amerikanın əlaltıları cavab vermişdilər ki, biz çalışdıq, amma xalq bizə arxa çevirdi və ölkə rəsmiləri işləri idarə etdilər”.

İnqilab Rəhbəri xalqın birlik və həmrəyliyini işğalçıların planlarını puça çıxaran amil adlandıraraq vurğuladı: “Əsas məsələ budur ki, o həlledici birlik bu gün də qalmaqdadır və çox təsirlidir”.

Ali Rəhbər xaricdən istiqamət alan və xalqın birliyini yalnız müharibə dövrünə aid göstərməyə çalışanlara irad bildirərək əlavə etdi: “Bəziləri deyirlər ki, siyasi ixtilaflar tədricən üzə çıxacaq və etnik gərginliklərdən və siyasi fərqlərdən istifadə etməklə xalqı iğtişaşa sürükləmək olar. Amma bu tamamilə yanlış bir sözdür”.

Həzrət Ayətullah Xamenei ölkədəki bütün tayfaların iranlı olmaqla fəxr etdiyinə işarə edərək buyurdu: “Bizim təbii siyasi ixtilaflarımız var, amma zorbalara qarşı bütün xalq, istər bu gün, istər sabah, polad yumruq kimi düşmənin başına enəcəkdir”.

O bugünkü İranı, cari ilin 23 və 24 xordadındakı İran adlandıraraq əlavə etdi: “Həmin günlər küçələrin xalqla dolu olması və onların lənətə gəlmiş sionizmə və cinayətkar Amerikaya qarşı şüarları xalqın birliyini və həmrəyliyini göstərirdi. Bu birlik bu gün də mövcuddur, sabah da olacaqdır və əlbəttə ki, hamı onun qorunması və gücləndirilməsinə məsuliyyət daşıyır”.

İnqilab Rəhbəri çıxışının ikinci hissəsində xalqla söhbətində, siyasi və xarici mühitdə “zənginləşdirmə” sözünün təkrar olunmasına işarə edərək buyurdu: “Anlamaq lazımdır ki, nə üçün bu məsələ düşmənlər üçün bu qədər əhəmiyyətlidir”.

O, zənginləşdirmənin müxtəlif cəhətlərini və faydalarını izah etmək üçün mütəxəssisləri dəvət edərək dedi: “Zənginləşdirmə prosesində alimlər və mütəxəssislər ölkə mədənlərindən çıxarılan uranı mürəkkəb, texniki və qabaqcıl səylərlə çox dəyərli zənginləşdirilmiş urana çevirirlər ki, onun müxtəlif sahələrdə və insanların həyatında çoxsaylı tətbiqləri vardır”.

Həzrət Ayətullah Xamenei zənginləşdirilmiş uranın kənd təsərrüfatı, sənaye və materiallar, ətraf mühit və təbii sərvətlər, səhiyyə və müalicə, qidalanma, elmi-tədqiqat və təhsil sahələrində çoxşaxəli istifadəsinə işarə edərək əlavə etdi: “Elektrik enerjisi istehsalında da zənginləşdirilmiş urandan istifadə həm çox ucuzdur, həm də ətraf mühit üçün çirkləndirici deyil. Nüvə elektrik stansiyalarının ömrü çox uzun olur və çoxsaylı üstünlükləri vardır. Elə bu səbəbdən bir çox inkişaf etmiş ölkələr nüvə elektrik stansiyalarından istifadə edirlər. Halbuki bizim elektrik stansiyalarımız əsasən benzin və qazla işləyir ki, bu da çox baha başa gəlir”.

Rəhbər, ölkədə zənginləşdirmə sənayesinin formalaşmasını şərh edərək dedi: “Bizdə bu texnologiya yox idi və ehtiyaclarımızı da başqaları təmin etmirdi. Amma bir neçə yüksək iradəli menecerin və yüksək vəzifəli məsulların səyləri ilə otuz ildən çox əvvəl hərəkətə başladıq və indi zənginləşdirmədə yüksək səviyyəyə çatmışıq”.

O, bəzi ölkələrin zənginləşdirməni 90%-ə qədər aparmaqda məqsədinin nüvə silahı istehsalı olduğunu bildirərək dedi: “Bizdə nüvə silahı yoxdur və qərarımız bu silahı hazırlamamaq və ondan istifadə etməməkdir. Buna görə də zənginləşdirməni 60%-ə qədər yüksəltmişik ki, bu da çox yaxşıdır”.

Həzrət Ayətullah Xamenei İranı, dünyadakı 200-dən çox ölkə arasında zənginləşdirmə sənayesinə sahib 10 ölkədən biri adlandıraraq dedi: “Bu qabaqcıl texnologiyanı irəli aparmaqla yanaşı, alimlərimizin mühüm işi kadr yetişdirmək olmuşdur. Elə ki, bu gün onlarla görkəmli alim və professor, yüzlərlə tədqiqatçı və minlərlə təlim görmüş kadr nüvə mövzusu ilə bağlı sahələrdə fəaliyyət etmək və çalışmaqdadır. Bu halda düşmən elə güman edir ki, bəzi obyektləri bombalamaqla və ya bombalamaqla hədələməklə bu texnologiya İranda yox olacaq”.

O, onilliklər boyu güclü dövlətlərin İran xalqını təslim olmağa və ölkəni zənginləşdirmədən əl çəkməyə məcbur etməklə bağlı nəticəsiz təzyiqlərinə işarə edərək vurğuladı: “Biz təslim olmadıq və olmayacağıq, başqa məsələlərdə də heç vaxt təzyiq qarşısında təslim olmayacağıq”.

Rəhbər dedi: “Amerikalılar əvvəllər deyirdilər ki, yüksək səviyyəli zənginləşdirmə olmasın və zənginləşdirilmiş məhsullar İrandan kənara çıxarılsın. Amma indi Amerika tərəfi israr edir ki, ümumiyyətlə zənginləşdirmə olmamalıdır”.

O, vurğuladı: “Bu zorbalığın mənası budur ki, siz bu böyük nailiyyəti – fasiləsiz sərmayə və zəhmətlə əldə etdiyinizi – yandırıb havaya sovurasınız. Ancaq qeyrətli İran xalqı bu sözü qəbul etmir və deyənin ağzının üstünə vurur”.

İnqilab Rəhbəri çıxışlarının üçüncü məqamını bəyan edərək, siyasətçilərin “ABŞ-la danışıqlar” məsələsində fərqli baxışlara sahib olmasına işarə edib dedi: “Bəziləri ABŞ-la danışıqları faydalı, bəziləri isə zərərli hesab edir. Amma mən uzun illər ərzində dərk etdiklərimizi və gördüklərimizi əziz millətə açıqlayıram və məsul şəxslərdən və siyasi fəallardan da istəyirəm ki, bu məsələlər barədə düşünərək, təfəkkürlə və məlumat əsasında mühakimə etsinlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Ola bilər ki, gələcəkdə – məsələn 20 və ya 30 ildən sonra – başqa bir vəziyyət yaransın, amma indiki şəraitdə ABŞ-la danışıqlar faydasız işdir. Qətiyyən milli mənafeyə heç bir yardım etmir, ölkədən heç bir zərəri dəf etmir, əksinə böyük və bəzən geri dönməz zərərlərə səbəb olur”.

O, ABŞ-la danışıqların faydasız olmasını izah edərək dedi: “ABŞ tərəfi danışıqların nəticəsini əvvəlcədən öz baxışına görə müəyyənləşdirib və elan edib. O, elə bir danışıqlar istəyir ki, nəticəsi “İran daxilində nüvə fəaliyyətlərinin və zənginləşdirmənin tamamilə dayandırılması” olsun”.

İnqilab Rəhbəri belə bir masa arxasına oturmağı qarşı tərəfin diktəsini, təzyiqini və zorbalığını qəbul etmək adlandırdı və əlavə etdi: “İndi o, zənginləşdirmənin dayandırılmasını deyir, amma bir neçə gün öncə onun müavini dedi ki, İranın hətta orta və qısa mənzilli raketləri də olmamalıdır. Yəni İran o qədər əl-qolu bağlı və gücsüz vəziyyətə düşməlidir ki, əgər hücuma məruz qalsa, hətta İraqdakı Amerika bazasına və ya başqa bir yerə cavab verməyə də imkan tapmasın”.

O, Amerika rəsmilərinin bu cür gözləntilərini və sözlərini İran xalqını və İslam Respublikasını tanımamağın, həmçinin İran İslamının fəlsəfəsindən və məramından xəbərsizliyin nəticəsi sayaraq dedi: “Bizim məşhədililərin ifadəsi ilə desək, bu sözlər deyənin ağzına böyükdür və heç bir etibara malik deyil”.

Həzrət Ayətullah Xamenei ABŞ-la danışıqların faydasızlığını bəyan etdikdən sonra onun mühüm zərərlərinə də toxundu və dedi: “Qarşı tərəf hədələyir ki, əgər danışıqlar aparmasanız, belə-belə olacaq. Deməli, belə bir danışıqları qəbul etmək, hədəyə boyun əymək, qorxu və təslimiyyət deməkdir”.

O, Amerikanın hədələri qarşısında təslim olmağı onun bitib-tükənməyən zorakı tələblərinin davamı ilə nəticələnəcəyini bildirərək əlavə etdi: “Bu gün deyirlər əgər zənginləşdirmə olsa, belə edəcəyik, sabah isə raketlərə sahib olmaq və ya filan ölkə ilə əlaqə qurmaq və ya qurmamaq bəhanəsi ilə təhdid edib geri çəkilməyə məcbur edəcəklər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Heç bir şərəfli millət təhdidlə müşayiət olunan danışıqları qəbul etməz və heç bir ağıllı siyasətçi də bunu təsdiq etməz”.

İnqilab Rəhbəri, qarşı tərəfin tələblərini qəbul edəcəyiniz təqdirdə sizə güzəşt veriləcəyi vədlərini yalan adlandırdı və nüvə sazişi təcrübəsinə işarə edərək xatırlatdı: “10 il əvvəl amerikalılarla elə bir müqavilə bağladıq ki, onun əsasında bir nüvə mərkəzi bağlanmalı, zənginləşdirilmiş materiallar ölkədən çıxarılmalı və ya seyrəldilməli idi ki, müqabilində sanksiyalar götürülsün və İranın işi Beynəlxalq Atom Enerjisi Agentliyində adi vəziyyətə qayıtsın”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən həmin vaxt məsullara dedim ki, 10 il uzun müddətdir, bir ömür qədərdir; niyə bunu qəbul edirsiniz? Qərara alındı ki, qəbul edilməsin, amma etdilər. Lakin indi həmin 10 il tamamlanıb, amma nəinki nüvə işimiz adi vəziyyətə qayıtdı, əksinə onun problemləri Təhlükəsizlik Şurasında və Agentlikdə daha da artdı”.

O, ABŞ-ın sanksiyaların aradan qaldırılması vədlərini pozmasına, sazişdən çıxmasına və məşhur ifadə ilə BƏRCAM-ı “cırıb atmasına” işarə edərək dedi: “Qarşı tərəf belədirmi. Əgər onunla danışıqlar aparsanız və tələblərini qəbul etsəniz, ölkənin təslimiyyətinə, zəifliyinə və millətin şərəfinin məhv olmasına səbəb olar. Əgər qəbul etməsəniz, yenə də indiki kimi davalar və təhdidlər olacaq”.

İnqilab Rəhbəri ölkənin təcrübələrini, o cümlədən son 10 ilin təcrübəsini unutmamağı zəruri hesab edərək əlavə etdi: “Hələlik Avropa ilə bağlı məsələlərə toxunmaq niyyətim yoxdur, amma qarşı tərəf – yəni ABŞ – hər şeydə vədinə xilaf çıxır, yalan danışır, gah hərbi təhdid edir və fürsət düşsə, əziz qəhrəmanımız general Süleymanini şəhid etdiyi kimi, bizim şəxsiyyətlərimizi terror edir və ya mərkəzlərimizi bombalayır. Belə bir tərəflə necə etimadla və arxayınlıqla danışıqlar aparmaq və razılaşma əldə etmək olar?”

Həzrət Ayətullah Xamenei vurğuladı: “ABŞ-la nüvə məsələsi və bəlkə digər məsələlər barədə danışıqlar tamamilə çıxılmazdır”.

O, əlbəttə, ABŞ-la danışıqları onun hazırkı prezidenti üçün faydalı, onun təhdidlərinin təsirli olduğunu nümayiş etdirmək və İranı danışıqlar masasına oturtmaq vasitəsi saydı və bir daha dedi: “Amma bu danışıqlar bizim üçün sırf zərərdir və heç bir fayda gətirmir”.

İnqilab Rəhbəri çıxışlarının sonunda ölkənin yeganə müalicə və tərəqqi yolunu hərbi, elmi, dövlət idarəçiliyi, struktur və təşkilati bütün sahələrdə güclənməkdə gördüklərini bildirərək əlavə etdilər: “Ağıllı və vətənpərvər mütəxəssislər ölkəni gücləndirməyin yollarını tapmalı və izləməlidirlər. Çünki ölkə gücləndiyi təqdirdə, qarşı tərəf artıq hədələməyə belə cəsarət etməyəcək”.

Həzrət Ayətullah Xamenei Allah-Taalaya təvəkkül etməyi və Əhli-Beytə (ə) təvəssül göstərməyi ilahi yardım cəlb etmək üçün zəruri sayaraq əlavə etdi: “Milli iradəni səhnəyə gətirməklə işləri irəli aparmaq lazımdır və bu iş Allahın tofiqi ilə gerçəkləşəcək”.

4306748

captcha