“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, “Öncü övladlar” adlı proqram çərçivəsində Qəzzədə Qurani-Kərimi hifz etdiklərinə görə 44 şəhid övladı mükafatlandırılıb.
Bu layihə Qəzza zolağında ilk dəfə olaraq bu uşaqlar üçün təhsil və tərbiyə mühiti yaratmaqla atalarının itkisinin təsirini azaltmaq məqsədi ilə həyata keçirilib.
Mərasim Qurani-Kərimin hifzinin tamamlanmasından sonra Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsində keçirilib.
Tədbirdə uşaqların ailə üzvləri, eləcə də qəyyumlar və müəllimlər iştirak ediblər. Mərasimdə Quran tilavəti və teatr səhnəcikləri kimi dini və tədris bölmələr yer alıb. Bu çıxışlarda uşaqlar Qurani-Kərimi əzbərləmə təcrübələrini, həmçinin Peyğəmbərin (s) həyatını və İslam dəyərlərini öyrənmələrini canlandırıblar.
Layihənin təşkilatçıları bildiriblər ki, təhlükəsizlik baxımından çətin şəraitə baxmayaraq, bu mərasim dörd ay davam edib. Layihə Qurani-Kərimin təliminə — tilavət və təfsirə — Peyğəmbərin (s) sirəsi və İslam əxlaqı ilə yanaşı xüsusi diqqət ayıraraq, şəhid övladlarının möhkəm dini və tərbiyəvi əsaslar üzərində yetişdirilməsini hədəfləyib.
Məsul şəxslər qeyd ediblər ki, layihəyə ixtisaslaşmış qadın müəllimlər nəzarət edir və uşaqlar üçün maarifləndirici-tərbiyəvi mühit yaratmaqla, onların öz dəyərlərinə və kimliyinə sadiq, şüurlu bir nəslin formalaşmasına töhfə verməyi, eləcə də ata itkisinin təsirini azaltmağı qarşıya məqsəd qoyurlar.
Mərasimin sonunda Qurani-Kərimi hifz etmiş uşaqlar mənəvi və sevincli bir atmosferdə təltif olunublar. Həmçinin bu layihəni dəstəkləyən bütün qurumlara və əməkdaşlara təşəkkür edilib, iştirakçılar bu uşaqların Qurani-Kərimin daşıyıcıları və gələcəyin liderləri olmaları üçün dua ediblər.
İsrail Qəzza müharibəsində ABŞ-ın dəstəyi ilə misli görünməmiş bir soyqırım törədib; nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 70 mindən çox fələstinli şəhid olub, 171 mindən çox insan yaralanıb.
Bu müharibə genişmiqyaslı dağıntılara səbəb olub və Birləşmiş Millətlər Təşkilatı bölgənin bərpası üçün tələb olunan xərcləri təxminən 70 milyard dollar olaraq qiymətləndirib.
4322946