Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə görə, Bəhreynin nüfuzlu din xadimlərindən olan Ayətullah İsa Qasimin İrandakı nümayəndəsi Şeyx Abdullah Dəqqaq 14 Fevral hərəkatının 6-cı ildönümü barədə açıqlama verib.
"Bu ildönümü xalqa yeni ruh verəcək. Hazırda Bəhreyndə vəziyyət gərgindir. 3 günahsız gəncimizi edam etdilər. Gənclərimizi polislər dəfn etdi və ailələri yaxına buraxılmadı”, - deyə Şeyx Abdullah Dəqqaq diqqətə çatdırıb.
Ali Xəlifə rejiminin Bəhreyn xalqından qorxduğunu vurğulayan Şeyx Abdullah Dəqqaq cinayətləri xalqı geri addım atdırmaq üçün törətdiyini sözlərinə əlavə edib.
"Bəhreyn rejimi 14 Fevral hərəkatının ildönümündə xalqa zülmü daha da artırdı. Rejim konstitusiyanı dəyişdirərək, hərbi hakimiyyət yaratmaq istəyir. Lakin nə etsələr də Bəhreyn xalqı öz haqqını əldə edəcək”, - deyə Şeyx Dəqqaq qeyd edib.