
Mərkəzi Azərbaycanda olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla bir qrup din xadimi qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olublar.
Az.shafaqna.com xəbər verir ki, bu haqda QMİ-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə bu Xiyabanda uyuyan digər şəhidlərimiz – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun məzarlarını ziyarət edən QMİ sədri, İdarənin rəsmiləri və din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarlarına tər çiçəklər düzmüş, onların ruhları üçün dualar ediblər.