IQNA

20:40 - July 04, 2021
Xəbər sayı: 3490210
Əhli-sünnə və Şiə hədis qaynaqlarında bəzi hədislərdə Həzrət Zəhranın (s) ailə məsələləri zəminində Həzrət İmam Əlidən (ə) atasına, Allahın rəsulu Həzrət Məhəmmədə (s) şikayət etdiyi nəql edilmişdir. 

Həm əhli-sünnə və həm də şiə hədis qaynaqlarında bəzi hədislərdə Həzrət Zəhranın (s) ailə məsələləri zəminində Həzrət İmam Əlidən (ə) atası Allahın rəsulu Həzrət Məhəmmədə (s) şikayət etdiyi nəql edilmişdir. 
Əvvəla qeyd edim ki, şiə hədis qaynaqlarında nəql edilən bu hədislərin sənədlərindəki ravilərin bir çox əhli-sünnə ravisidir və şiənin ricali qaydalarına əsasən problemli ravi hesab edilirlər. Əlbəttə əhli-sünnə olduqları üçün deyil, öz şəxsi xüsusiyyətlərinə görə zəifdirlər. 
Digər tərəfdən də bizim şiə hədisçiləri bu hədisləri nəql edərkən hədisin nəqlindən sonra hədisi sənəd və ya mətnə görə tənqid etmiş və şiə əqidəsinə görə belə mətnlərin zəif olduğunu demişlər. 
Bu hədislərdən biri də Şeyx Səduqun (306-381 hq) "İləluş-Şəraye"də (c.1, s.163, bab:130, hədis: 2) nəql etdiyi hədisdir ki, Əllamə Məclisi də həmin hədisi "Biharul-Ənvar"da (c.43, s.146, hədis: 3) təkrar etmişdir. Vəhabilər isə bu hədisin sonunu kəsərək İmam Əlinin (ə) məqamını aşağılamaq üçün sosial şəbəkələrdə yayırlar. Əslində isə hədisi qəbul etsək və tam mətnin də versək, İmam Əlinin (ə) fəzilətlərindən biri hesab edilir. Və bəlkə də elə bunu nəzərə alan bəzi şiə mühiddəsiləri hədisin sənəd baxımından zəifliyini və mətnin bəzi hissələrinin qeyri-məntiqiliyini nəzərə almayaraq hədisi rəvayət etmişlər. 
Hədisdə Əbu Zərr deyir ki, mən Cəfər Təyyar ilə Həbəşəyə hicrət etdiyimiz zaman orada Cəfərə bir kəniz bağışladılar. Cəfər də bu kənizi İmam Əliyə (ə) hədiyyə edir... Günlərin birində evə gələn Həzrət Fatimə (s) İmamın (ə) başını həmin kənizin dizi üstə görür, bundan narahat olur, gedir atası peyğəmbərə (s) şikayət etməyə və atası (s) onun şikayətini qəbul etmir və s... 
Hədisin mətninin ərəbcəsi: 

بحار الأنوار (ط - بيروت)، ج‏43، ص: 146- باب 6 كيفية معاشرتها مع علي ع - 147: حدیث:  3- ع، علل الشرائع أَبِي عَنْ سَعْدٍ عَنِ الْحَسَنِ بْنِ عَرَفَةَ عَنْ وَكِيعٍ (بن الجراح) عَنْ مُحَمَّدِ بْنِ إِسْرَائِيلَ عَنْ أَبِي صَالِحٍ عَنْ أَبِي ذَرٍّ رَحْمَةُ اللَّهِ عَلَيْهِ قَالَ: كُنْتُ أَنَا وَ جَعْفَرُ بْنُ أَبِي طَالِبٍ مُهَاجِرَيْنِ إِلَى بِلَادِ الْحَبَشَةِ فَأُهْدِيَتْ لِجَعْفَرٍ جَارِيَةٌ قِيمَتُهَا أَرْبَعَةُ آلَافِ دِرْهَمٍ فَلَمَّا قَدِمْنَا الْمَدِينَةَ أَهْدَاهَا لِعَلِيٍّ ع تَخْدُمُهُ فَجَعَلَهَا عَلِيٌّ فِي مَنْزِلِ فَاطِمَةَ فَدَخَلَتْ فَاطِمَةُ ع يَوْماً فَنَظَرَتْ إِلَى رَأْسِ عَلِيٍّ ع فِي حَجْرِ الْجَارِيَةِ فَقَالَتْ يَا أَبَا الْحَسَنِ فَعَلْتَهَا فَقَالَ لَا وَ اللَّهِ يَا بِنْتَ مُحَمَّدٍ مَا فَعَلْتُ شَيْئاً فَمَا الَّذِي تُرِيدِينَ قَالَتْ تَأْذَنُ لِي فِي الْمَصِيرِ إِلَى مَنْزِلِ أَبِي رَسُولِ اللَّهِ ص فَقَالَ لَهَا قَدْ أَذِنْتُ لَكِ فَتَجَلَّلَتْ بِجَلَالِهَا وَ تَبَرْقَعَتْ بِبُرْقُعِهَا وَ أَرَادَتِ النَّبِيَّ ص فَهَبَطَ جَبْرَئِيلُ ع فَقَالَ يَا مُحَمَّدُ إِنَّ اللَّهَ يُقْرِئُكَ السَّلَامَ وَ يَقُولُ لَكَ إِنَّ هَذِهِ فَاطِمَةُ قَدْ أَقْبَلَتْ تَشْكُو عَلِيّاً فَلَا تَقْبَلْ مِنْهَا فِي عَلِيٍّ شَيْئاً فَدَخَلَتْ فَاطِمَةُ فَقَالَ لَهَا رَسُولُ اللَّهِ ص جِئْتِ تَشْكِينَ عَلِيّاً قَالَتْ إِي وَ رَبِّ الْكَعْبَةِ فَقَالَ لَهَا ارْجِعِي إِلَيْهِ فَقُولِي لَهُ رَغِمَ أَنْفِي لِرِضَاكَ فَرَجَعَتْ إِلَى عَلِيٍّ ع فَقَالَتْ لَهُ يَا أَبَا الْحَسَنِ رَغِمَ أَنْفِي لِرِضَاكَ تَقُولُهَا ثَلَاثاً فَقَالَ لَهَا عَلِيٌّ شَكَوْتِنِي إِلَى خَلِيلِي وَ حَبِيبِي رَسُولِ اللَّهِ ص وَا سَوْأَتَاهْ مِنْ رَسُولِ اللَّهِ ص أُشْهِدُ اللَّهَ يَا فَاطِمَةُ أَنَّ الْجَارِيَةَ حُرَّةٌ لِوَجْهِ اللَّهِ وَ أَنَّ الْأَرْبَعَمِائَةِ دِرْهَمٍ الَّتِي فَضَلَتْ مِنْ عَطَائِي صَدَقَةٌ عَلَى فُقَرَاءِ أَهْلِ الْمَدِينَةِ ثُمَّ تَلَبَّسَ وَ انْتَعَلَ وَ أَرَادَ النَّبِيَّ ص فَهَبَطَ جَبْرَئِيلُ ع فَقَالَ يَا مُحَمَّدُ إِنَّ اللَّهَ يُقْرِئُكَ السَّلَامَ وَ يَقُولُ لَكَ قُلْ لِعَلِيٍّ قَدْ أَعْطَيْتُكَ الْجَنَّةَ بِعِتْقِكَ الْجَارِيَةَ فِي رِضَى فَاطِمَةَ وَ النَّارَ بِالْأَرْبَعِمِائَةِ دِرْهَمٍ الَّتِي تَصَدَّقْتَ بِهَا فَأَدْخِلِ الْجَنَّةَ مَنْ شِئْتَ بِرَحْمَتِي وَ أَخْرِجْ مِنَ النَّارِ مَنْ شِئْتَ بِعَفْوِي فَعِنْدَهَا قَالَ عَلِيٌّ ع أَنَا قَسِيمُ اللَّهِ بَيْنَ الْجَنَّةِ وَ النَّارِ.

Hədisin sənədi:
Əvvəlcə qeyd edim ki, bəzi qaynaqlarda hədis Əbu Zərdən deyil, Mücahidin vasitəsi ilə İbn Abbasdan nəql edilmişdir ("Bəşarətul-Mustafa", Təbəri Amuli (vf. 553 hq), s.101). Hər halda hədisin sənədinin əvvəlində və sonunda mötəbər ravilər olsa da, ortadakı ravilər şiə rical alimləri tərəfindən mədh edilməmiş ravilərdirlər. Hədisin hər iki sənədində (İbn Abbas və Əbu Zərr) aşağıdakı əhli-sünnə raviləri keçir ki, bu ravilər şiə rical alimləri tərəfindən mədh edilməyiblər və bəzən də məchuldurlar.  
1). Həsən ibn Ərəfə: əhli-sünnənin məşhur hədis ravisidir, bizim mühəddislər ondan hədis nəql ediblər, amma rical alimlərimiz onu mədh və ya məzəmmət etməyib. 
2). Vəki ibn Cərah: əhli-sünnədəndir, şiə və sünni qaynaqlarında müştərək ravidir, Əhli-Beytin (ə) fəzailində hədislər nəql edib. 
3). Məhəmməd ibn İsrail: əhl-sünnədir, şiə ricalında barəsində tərif və ya məzəmmət yoxdur.
4). Hədisi Əbu Zərdən nəql edən "Əbu Saleh"in kimliyini təyin edə bilmədim.
5). İbn Abbasdan nəql edilən versiyada Həmzə ibn İsmayıl və Əhməd ibn Xəlil barədə məlumat tapa bilmədim.
6). Yəhya ibn Əbdül-Həmid: Əhli-sünnə ravisidir. Şiə rical kitablarında barəsində mədh və tərif yoxdur, kitab müəllifi olduğu qeyd edilib, məsum imamlardan (ə) hədis nəql etməyib. Bəziləri onun şəxsiyyətinin məchul olduğunu deyiblər. Bəziləri isə onun İmam Cəfər Sadiqi (ə) "zəif ravi" (!) olması barədə Şərikdən sual soruşduğunu qeyd ediblər!!! 
7).  Şərik ibn Leys: Əhli-Sünnə ravisidir. Şiə rical kitablarında məchuldur. 
8). Mücahid: Tabeindəndir, əhli-Sünnə ravisidir. Deyilənə görə əqidə cəhətdən "xəvaric"ə meyilli olub.  
Hədisin mətni:
Əbu Zərrin Həbəşəyə hicrəti tarix kitablarında isbat edilməyib. 
İmam Əli və Həzrət Zəhra (s) məsumdurlar və onlardan bu cür bayağı hərəkətlər başa verə bilməzdi. Hətta qeyd edilən məsələ doğru olsaydı da belə Həzrət Zəhranın (s) məqamı belə məsələlərdən şikayət edəcəyindən çox çox yüksəkdir. 
Hədisin mətnində deyilir ki, Həzrət Zəhra (s) yolda olarkən Cəbrayıl (ə) Peyğəmbərə (ə) nazil olur və deyir ki, onun sözünə əhəmiyyət vermə. Halbuki Peyğəmbərin (s) hədisinə görə, Həzrət Zəhranın (s) razılığı Allahın razılığıdır. Digər tərəfdən də bu, Peyğəmbərin (s) məqamını kiçiltməkdir ki, xırda ailə məsələləri üçün də Cəbrayıl (s) Ona yol göstərsin və nə etməli olduğunu desin. 
Xülasə olaraq qeyd edək ki, hədisin sənədi zəifdir və ən azından əhli-sünnə sənəd baxımından əhli-sünnənindir və şiə mühəddislərindən bəziləri də onlardan nəql ediblər. Həmçinin mətninin də heç bir əqli və məntiqi izahı yoxdur və mətndə qeyd edilən hadisələr Allahın yer üzərindəki höccətləri olan məsumların şəninə və məqamına uyğun deyil.
Mirməhəmməd Bəşir /shia.az

Ad:
E-poçt:
* Comment:
* captcha: