IQNA

Həcc ziyarəti İbrahim peyğəmbərin (ə) adı ilə bağlıdır

18:27 - July 05, 2022
Xəbər sayı: 3492510
Bu gün müsəlmanların yerinə yetirdikləri həcc əməlləri Qurani-Kərimdə qeyd olunduğu kimi İbrahim peyğəmbərin (ə) adı və əməlləri ilə bağlıdır. Kəbə İbrahim peyğəmbərin əli ilə tikilmişdir. İlk Həcc mərasimi onun dövründə keçirilmişdir.

İslamda Kəbə təhlükəsiz sığınacaq kimi tanınır. Bütün insanlar və hətta heyvanlar orada amandadırlar. Orada hər cür müharibə və qan tökülməsi qadağandır. Bəziləri, Ali-İmran surəsinin 97-ci ayəsindəki "Ora daxil olan şəxs əmin-amanlıqdadır" ifadəsinin Allahın İbrahim peyğəmbərin (ə) duasına verdiyi cavabı olduğuna inanırlar. İbrahim (ə) Kəbəni tikdikdən sonra Allahdan istədi ki, "Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et" (Bəqərə, 126).

"Orada aydın nişanələr İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). (Yemək, azuqə, sağlamlıq, minik baxımından) yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali-İmran, 97).

İmam Sadiq (ə) "aydın nişanələr" haqqında buyurur: "Məqsəd "İbrahim məqamı", "Həcərül-əsvəd" və "Hicr İsmayıldır". O Həzrətdən soruşdular ki, "Hər kim ora daxil olsa"dan məqsəd Kəbədir ya Hərəm? Həzrət buyurdu ki, Hərəm.

"Həcc" hərəkətlə birlikdə olan niyyət deməkdir. "Məhəccə" insanı gedəcəyi yerə aparan düz və müstəqim yoldur. İslamda həcc Allahın evinə getmək və bununla bağlı əməlləri yerinə yetirmək deməkdir. Yuxarıdakı ayəyə əsasən, ilk növbədə Həccin açıq-aydın əlamətləri var, o cümlədən Məscidül-Həramın ətrafının bir hissəsini təşkil edən İbrahim məqamı. İkincisi, oraya kim girsə, əmin-amanlıqdadır. Üçüncüsü, həcc ziyarəti imkanı olan insanlara vacibdir.

"İbrahim məqamı" Kəbə tikilən və divarları ucaldılan zaman İbrahimin (ə) ayaqları altına olan daşdır. O Peyğəmbərin ayaq izləri o daşda qalıb. Bu daşın və üzərindəki ayaq izlərinin, İsa və Musadan (ə) əsrlər əvvəl Kəbə və onun ətrafında hücumlar, daşqınlar və dağıntılar nəticəsində baş verən bütün dəyişikliklərlə belə, qalması Allahın qüdrətindən bir əlamətdir.

Həccin vacibliyi haqqında qanunvericilik

Kəbəni ziyarət etmək mərasimi ilk dəfə İbrahimin dövründə rəsmiləşdirilib. Sonra ərəb dövründə belə bir ənənə olaraq davam edib. İslamda daha dolğun şəkildə və cahililər dövrünə aid heç bir mövhumat olmadan qanuna salınmışdır.

Həccin vacib olması üçün yeganə şərt

Həcc ayəsinə əsasən, həccin vacib olmasının yeganə şərti Kəbəyə getmək imkanına sahib olmaqdır. İslam rəvayətləri və fiqh kitablarında "istitaət" azuqə, minik, fiziki güc, yolun açıq olması və həccdən qayıdarkən həyatı idarə edə bilmək kimi məna edilmişdir. Deyirlər ki, "istitaət" əsasən bütün bunları ehtiva edən imkan deməkdir.

Ad:
E-poçt:
* Comment:
* :