“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, onlarla ortodoks ravvin “Qəzzadakı humanitar böhrana ortodoks yəhudilərin etik aydınlığı, məsuliyyəti və reaksiyası üçün çağırış” adlı bəyanatda işğalçı rejimin Qəzzada genişmiqyaslı aclığın qarşısını almaq üçün lazım olan hər şeyi etməməkdən boyun qaçıra bilməyəcəyini vurğulayıblar.
Bəyanatı imzalayan ravvinlər sionist rejimdə ifratçı hərəkatların meydana çıxmasından, fələstinlilərə qarşı münasibətlərin sərtləşməsindən və İordan çayının qərb sahilində məskunlaşanların zorakılıqlarının artmasından təəssüf etdiklərini bildiriblər.
Bəyanatda qeyd olunub: “Bəzi ifratçılar arasında HƏMAS-a qarşı qəzəb o qədər geniş yayılıb ki, artıq bu şübhə Qəzzadakı bütün əhaliyə, o cümlədən uşaqlara da şamil edilir. İfratçı məskunlaşanların İordan çayının qərb sahilindəki zorakılıqları mülki insanların ölümü, fələstinli kəndlilərin evlərini tərk etməyə məcbur qalması ilə nəticələnib və bölgəni daha da qeyri-sabit edib.”
Bəyanatın başqa bir hissəsində isə vurğulanır: “İsrailin ən sadiq tərəfdarlarından olan ortodoks yəhudilik xüsusi bir mənəvi məsuliyyət daşıyır və biz təsdiqləməliyik ki, yəhudiliyin ədalət və mərhəmət baxışları bütün insanları əhatə edir.”
Bəyanat, bu il təqaüdə çıxaraq İsrailə köçən, Yeşiva Universitetinin Rəbbani İshaq Eyxanan məktəbinin tanınmış ravvini Yusif Blau tərəfindən hazırlanıb.
Blau bəyanatda vurğulayıb: “Mənim İsrailə və sionizmə dəstəyim yəhudiliyə bağlılığımdan irəli gəlir. Bununla belə, kor-koranə sədaqət yəhudiliyin əsas prinsiplərindən olan özünü dərk etmə prinsipi ilə ziddiyyət təşkil edir. Dindən gücə haqq qazandırmaq üçün istifadə edildikdə, əsas əxlaqi dəyərlər təhrif olunur”.
Bu bəyanat, Qəzza zolağındakı aclıqla bağlı dünyanın müxtəlif yerlərindən yəhudilər tərəfindən yayılan açıq məktubların artdığı bir vaxtda dərc olunub.
Bir sıra liberal meylli ortodoks yəhudilər də öz icmalarında Qəzza və digər məsələlərə dair hökm sürən sərt mövqelərdən narazılıqlarını ifadə ediblər.
4301058