IQNA

Quran surələri / 95

İnsanın ən yaxşı şəkildə yaradılması

10:15 - July 16, 2023
Xəbər sayı: 3494466
TEHRAN (IQNA) - Allah Qurani-Kərimin bəzi ayələrində insanı ən gözəl şəkildə yaratdığına diqqət çəkmişdir. Lakin insan özündə olan qabiliyyətlərdən ən yaxşı şəkildə istifadə etməyi bacarmalıdır.

Qurani-Kərimin doxsan beşinci surəsi “Tin” adlanır. 8 ayədən ibarət bu surə Quranın otuzuncu cüzündə yer alıb. Məkkə surələrindən biri olan “Tin” İslam Peyğəmbərinə (s) nazil olan iyirmi səkkizinci surədir.

Bu surənin "Tin" (əncir) adlandırılması Allahın bu surənin birinci ayədə ona and içməsi ilə bağlıdır.

"Tin" surəsi and ilə başlayan surələrdən biridir. Allah orada dörd şeyə (əncir, zeytun, Sina torpağı və Məkkə şəhəri) and içir. Quranda əncirin adı bir dəfə, zeytunun isə altı dəfə adı çəkilir.

"Tin" surəsində əsas diqqət qiyamət məsələsini və axirət savabını ifadə etməkdir. "Tin" surəsində qiyamətin gəlişindən, Allahın haqq-hesabından və axirət mükafatından bəhs edilir. Əvvəlcə insanın ən uyğun şəkildə yaradılışına işarə edir. Sonra isə bəzi insanların öz ilkin fitrətində qalmasına işarə edir; Ancaq bəziləri ən aşağı məqama çatır. Buna görə də insanların yaradılışı ilahi fitrətə və “Əhsəni-təqvim”ə (ən yaxşı şəkilə) əsaslanır. Lakin insanlar mömin və kafir olmaqla iki qrupa bölünürlər.

Allah insanı hər cəhətdən layiqli və münasib yaratdığını söyləmək üçün dörd and içdi. Amma hər bir insan öz inkişafına və qabiliyyətinə görə, Rəbbinin hüzurunda ən yüksək məqama çatmaq, xoşbəxtliklə dolu, bədbəxtliklərdən və zülmlərdən uzaq bir əbədi həyat sürmək istedadına malikdir.

Bəzi təfsirçilər “Əhsəni-təqvim” ifadəsini gənclikdə boy və bədənə uyğunluq və insan yaradılışının möhkəmliyi, “əsfəlus-safilin” ifadəsini isə qocalıqda insanın zəifliyinə işarə etdiyini bildiriblər. Lakin iman və saleh əməl əhlinin “əsfəlus-safilin”ə düşməsinin istisna olduğunu bildirən surənin altıncı ayəsinə əsasən, bu rəy qəbul edilmir.

“Tin” və “Zeytun” sözləri ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb. Bəzi təfsirçilər onları ərəblərin iki sevimli yeməyi hesab edirlər. Digərləri "Tin" və "Zeytun"u iki məscidə, biri Şamda (Suriya) digəri isə Qüdsdə (Fələstin) və ya bu iki bölgədə yerləşən "Tina" və "Zita" adlı iki dağa aid hesab edirlər.

Bəziləri də bu ikisini “Tur Sinin” və “Bəld Əmin” ifadəsinin mövcudluğuna görə həzrət İsanın (ə) doğulduğu yer və həyatı ilə bağlı Suriyadakı yerlərə işarə etdiyini bildiriblər.

Təfsirçilərin çoxu “Tur Sinin”ı Sina dağı (Musa peyğəmbərin Allahla danışdığı yer), “Bələd Əmin”i isə Ərəbistandakı Məkkə hesab ediblər.

captcha