“Məən” Fələstin xəbər agentliyinin verdiyi xəbərə görə, Məscidül-Əqsa xətibi şeyx İkrimə Sabri çıxışında bildirib ki, sionist rejimin rəsmiləri dini münasibətlərindən Məscidül-Əqsaya qarşı sistemli təcavüzlərini artırmaq üçün istifadə edirlər və İsrailin kabinet üzvləri ilə Knesset də bu təcavüzlərdə onlara rəhbərlik edirlər.
O əlavə edib: “Bu təcavüzlər yeni reallıq yaratmaq məqsədilə həyata keçirilir, o cümlədən Təlmud ayinlərinin icrası, İsrail bayraqlarının qaldırılması və Məscidül-Əqsa həyətlərində təxribatçı mərasimlərin keçirilməsi kimi addımlar atılır”.
Məscidül-Əqsa xətibi “əl-Asimə” telekanalına verdiyi müsahibədə vurğulayıb: “Bu hərəkətlər – mahnı oxumaq və rəqs etmək də daxil olmaqla – bu məkanın müqəddəsliyinə hörmətsizliyin açıq göstəricisidir”.
O xatırladıb: “Bu tədbirlər işğalçıların strategiyasının bir hissəsidir və məqsəd “zaman və məkan bölgüsü”nü məcburi şəkildə tətbiq etməkdir. Bunun üçün müsəlmanların girişinə məhdudiyyətlər qoyulur, imamlar və vaizlər qovulur, təzyiqlərə məruz qalır ki, onları susdursunlar”.
O əlavə edib: “İşğalçılar 2017-ci ildə müsəlmanları fakt qarşısında qoymaq planlarında uğursuz olduqdan sonra, Məscidül-Əqsanı müsəlmanlardan boşaltmağa və onu tədricən öz hakimiyyətlərini qəbul etdirmək üçün vasitəyə çevirməyə çalışırlar”.
Şeyx Sabri vurğulayıb: “Məscidül-Əqsa müsəlmanların müstəsna haqqıdır və bu haqq ilahi hökmə əsasən tanınıb”.
O, başqaları üçün hər hansı bir haqqı tanımaqdan imtina edib və işğalçı rəsmiləri Məscidin müqəddəsliyinin pozulmasına görə tam məsuliyyət daşıyan tərəf adlandırıb.
Məscidül-Əqsa xətibi qeyd edib ki, işğalçıların siyasəti onların iddia etdikləri demokratiya prinsipləri ilə ziddiyyət təşkil edir. Onlar bizim söz və din azadlığı hüququmuza diktatura ilə yanaşırlar.
Sabri sonda müsəlmanların Məscidül-Əqsada daimi şəkildə iştirakına çağırıb və vurğulayıb: “Bu siyasətlərə qarşı çıxmaq müsəlmanlar üçün dini bir vəzifədir”.
4306940