IQNA

Almaniyanın bir əyalətində Ramazan və Qurban bayramı tətil edildi

11:08 - September 29, 2025
Xəbər sayı: 3498946
İQNA - Almaniyanın bir əyalət hökuməti Ramazan və Qurban bayramlarını müsəlmanlar üçün tətil elan edib.

“İQNA”, xəbər agentliyinin “alsaa.net” saytına istinadla verdiyi xəbərə görə, Almaniyanın şimaldakı ən ucqar əyaləti olan Şlesviq-Holşteyn bazar günü elan edib ki, əyalət hökuməti ilə İslam Mədəniyyət Mərkəzləri Assosiasiyası arasında əldə olunan razılaşmaya əsasən, müsəlmanlara Ramazan və Qurban bayramlarında rəsmi tətil veriləcək.

Razılaşmada qeyd olunur ki, bu bayram günlərində müsəlman şagirdlərə digər dini icmalar üçün tətbiq edilən eyni meyarlarla yanaşılacaq.

Almaniyanın “Kieler Nachrichten” qəzeti əyalətin təhsil naziri Dorit Ştaynkedən belə sitat gətirib: “Müsəlmanlar bizim cəmiyyətimizin bir hissəsidir və biz bu razılaşma ilə bunu təsdiq edirik.”

Razılaşmaya imza atan tərəflər vurğulayıblar ki, bu addım cəmiyyətin bütün üzvləri arasında qarşılıqlı hörmətə əsaslanan dinc birgəyaşayış dəyərlərini gücləndirəcək.

Bu razılaşma yalnız tətilin verilməsi ilə məhdudlaşmır; həm də İslam Mədəniyyət Mərkəzləri Assosiasiyasının öz təhsil və mədəniyyət müəssisələrini idarə etmək, eləcə də imamların tədrisini həyata keçirmək hüququnu təsdiq edir. Uzunmüddətli baxışda isə məktəblərdə dini mətnlərin tədrisi imkanının qarşısını açır.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təxminən 5,6 milyon müsəlman yaşayır və burada təqribən 2600 islam icması və birliyi fəaliyyət göstərir.

4307642

captcha