“İQNA”-nın ABŞ-İslam Əlaqələri Şurasının (CAIR) informasiya saytına istinadla verdiyi xəbərə görə, Şimali Karolinanın Meklenburq mahalındakı həbsxana rəhbərləri hicab qadağası ilə bağlı siyasətlərini dəyişdiklərini açıqlayıblar.
Bu addım bir müddət əvvəl həbsxanada fotoşəkil çəkilərkən hicabını çıxarmağa məcbur edilən müsəlman qadının şikayətindən sonra atılıb.
CAIR cümə günü elan edib ki, 26 yaşlı Laila əl-Əli həbs olunduqdan sonra Meklenburq mahalı həbsxanası ilə razılıq əldə olunub.
Əl-Əli 2024-cü ilin fevralında Şarlott şəhər şurasında Fələstinə dəstək çıxışı edib və İsraillə münasibətlərin kəsilməsini tələb etdikdən sonra həbs olunub.
O, Mərkəzi Meklenburq həbsxanasına gətirilməzdən əvvəl “səs-küy qaydasını pozmaq” və “yol hərəkətinə mane olmaq” ittihamı ilə üzləşib. Əl-Əlinin sözlərinə görə, polis əməkdaşları ona: “Sizin hicabınız qanunsuzdur, onu çıxarmalısınız” deyiblər və əlləri qandallı halda baş örtüyünü zorla çıxarıblar. O, həbsi “Fələstin tərəfdarı fəallara qarşı ölkə miqyasında siyasi təzyiqin bir hissəsi” adlandırıb.
Razılaşmanın bir hissəsi olaraq həbsxana elan edib ki, yeni siyasətə əsasən, saxlanılan şəxslərə həbsdə olduqları müddətdə dini geyimlərini saxlamağa icazə veriləcək. Bu razılaşmaya siyasətin dəyişdirilməsi və məbləği açıqlanmayan təzminat daxildir. Əl-Əlinin şəkli həbsxananın məlumat bazasından silinib.
Müsəlman qadının vəkili İsmayıl Qeym bu razılaşmanın əldə olunmasında iştirak edərək deyib ki, nəticə göstərdi: “Ədalət, hətta kiçik məsələlərdə belə, vacibdir.”
CAIR əməkdaşlarının vəkili Nadiyə Baydu isə bildirib: “Bu iş, müsəlman qadınların dini inanclarını icra etmək hüquqlarının qorunması ilə bağlıdır. Heç kim dini etiqadları ilə hüquq-mühafizə orqanlarının qaydaları arasında seçim etməyə məcbur edilməməlidir.”
ABŞ-ın başqa yerlərində də məcburi hicab çıxarılması halları qeydə alınıb. Aprel ayında Nyu-York şəhəri fotoşəkil çəkdirilməsi üçün hicablarını çıxarmağa məcbur edilən qadınlarla 17,5 milyon dollarlıq razılaşmaya gəlib və bu, polis prosedurlarında dəyişikliklərə səbəb olub.
Vətəndaş hüquqları qrupları deyirlər ki, bu cür hadisələr hüquq-mühafizə orqanlarının prosedurları ilə dini azadlıqlar arasında mövcud olan daha geniş ziddiyyətlərin göstəricisidir.
4307343