Quranda iman və meyllərin bir neçə növü tənqid edilmişdir:
1- Müvəqqəti və mövsüm şəklində olan meyllər. Bəzi insanlar yalnız təhlükə hiss etdikdə və gəmisinin batmaq ərəfəsində olduğunu gördükdə “Ya Allah” deyə qışqırırlar. Amma problemdən xilas olub gəmilərini sahildə görən kimi yenə Allahdan qeyrisinə gedib şirk etdilər. Qurani-Kərimdə oxuyuruq: “(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar” (Ənkəbut, 65).
2- Təqlid üzündən olan meyllər. Bəzi insanların Allaha inanmaları heç bir məntiqi səbəb olmadan atalarına təqlid etmələri ilə bağlıdır. Peyğəmbərlərə cavab verən müşriklərin imanı kimi: “Biz bu bütlərə olan inancı atalarımızdan almışıq. Qurani-kərim bu haqda buyurur: “Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” -deyə cavab vermişdilər” (Şüəra, 74).
3- Səthi iman. Bəzi insanların imanı səthidir, onların ruhuna və qəlbinə nüfuz etməmişdir. Quran buyurur: “(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” -dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz!” Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” -deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Hücürat, 14).
Bir qrup ərəb Peyğəmbərin yanına gəlib dedilər: “Biz iman gətirdik. Allah Peyğəmbərə buyurdu: Onlara de ki, imanınız hələ qəlblərinizə təsir etməyib. Siz isə ancaq imanınızı bəyan edirsiniz. Bu, içərisindən su çıxmayan, amma əlləri ilə su tökülən quyu kimidir.
4- Əməlsiz iman. Biliyi olsa da, əməl baxımından rahattələbdir. Quranda bu insanları tənqid edən çoxlu ayələr var: “İnsanlar yalnız: “İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)” (Ənkəbut, 2).
5- Sabit olmayan iman. Bəzi inanclarda şübhə və tərəddüd görünə bilər, belə bir inanc sahibi hansı tərəfi seçməsi üçün hadisələri gözləyir.
Qurani-Kərim belə insanlar haqqında buyurur: "İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!" (Həcc, 11).
6- Borc verilmiş iman. Usuli-Kafi kitabında “Babul-məarin”, yəni dinini borc verənlər adlı bir fəsilimiz var. Bəzi insanların dünyada dini var, amma ölüm vaxtı dünyadan dinsiz gedirlər. Həccə getməsi vacib olan, lakin həccə getməyən və ya malının zəkatını verməyən şəxs vəfat etdikdə ona deyirlər: "Ya yəhudi, ya da xristian olaraq öl".
Bir gün Peyğəmbər məscidə girdi və namaz qılan beş nəfərə dedi: Qalxın və məsciddən çıxın, çünki siz namaz qılırsınız, lakin zəkat vermirsiniz.
7- Seçici iman. Bəzi insanlar yalnız İslamdan və Qurandan öz mənfəətlərinə uyğun olanı qəbul edir, məqsəd və istəklərinə uyğun görmədiklərini isə qəbul etmirlər. “Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər, “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun (iman ilə küfr) arasında bir yol tapmaq istəyənlər-” (Nisa, 150).
İslamın əvvəlində bir neçə nəfər Peyğəmbərin yanına gəlib dedilər: Biz namaz qılmamaq şərti ilə sənə iman gətirdik. Peyğəmbər buyurdu: "Namazsız din yoxdur".
8- Taktiki iman. Mədinənin bəzi yəhudi rəhbərləri plan qurdular ki, bir səhər Peyğəmbəri-Əkrəmin xidmətinə gəlib iman gətirsinlər, həmin günün günortası isə İslamı tərk edib yenidən yəhudi olsunlar. İslamın faydasız olduğunu iddia etsinlər.
Bu yolla yəhudilərin müsəlman olmasına mane olmaq, ikincisi də müsəlmanlar arasında bizim dinimizin kamil din olmadığına şübhə və tərəddüd yaratmaq istəyirdilər. Çünki yəhudi alimləri və böyükləri səhər vaxtı müsəlman olduqdan sonra, axşam İslamla az tanış olduqları üçün ondan əl çəkdilər.
Allah vəhy vasitəsilə öz peyğəmbərini xəbərdar etdi və buyurdu: “Müsəlmanlara de ki, onların gəlişinə sevinməyin, gedişlərinə də kədərlənməyin!” (Ali-İmran, 72).