“Əl-Cəzirə”nin məlumatına görə, Fələstin milli komandası Barselonanın Montjuic stadionunda Kataloniya ilə xüsusi yoldaşlıq görüşünə çıxıb. Fələstin xalqının mübarizəsinə dəstək məqsədilə keçirilən bu xeyriyyə oyununda Kataloniya seçməsi 2:1 hesabı ilə qələbə qazanıb.
30 mindən çox tamaşaçı, o cümlədən “Barselona” komandasının almaniyalı baş məşqçisi Hansi Flik Barselonanın Olimpiya stadionunda toplaşaraq “bir oyundan daha artıq” kimi təsvir edilən bu yoldaşlıq görüşünü izləyiblər. Kataloniya və Fələstin milli komandalarının qarşılaşdığı bu oyunda emosional atmosfer hökm sürür, futboldan çox Fələstin xalqı ilə həmrəylik ön planda dayanırdı.
Kataloniya dövlət qurumlarının bildirdiyinə görə, bu oyun sadəcə idman tədbiri deyil, Fələstin xalqı ilə həmrəylik, qardaşlıq və sülhün elan edildiyi bir gün idi. Kataloniya Futbol Federasiyası rəsmi bəyanatında oyunun ispan və fələstinli qurumların geniş əməkdaşlığı ilə, “Futbol: qardaşlığa aparan körpü” şüarı altında keçirildiyini təsdiqləyib.

Tamaşaçılar Fələstinlə həmrəylik şüarları səsləndirib və stadionda Fələstin və Kataloniya bayraqlarından ibarət böyük mozaika nümayiş etdirilib. Kataloniya iki qol vuraraq önə keçsə də, Fələstin futbolçusu Mustafa Zidanın qolu stadionda alqış, həmrəylik və ümid dolu şüarları yenidən anlandırıb.

Qiyməti 5–15 avro arasında dəyişən biletlərin bütün gəliri Fələstin üçün humanitar layihələrə bağışlanıb. Bu oyun Fələstin milli komandası ilə Bask seçməsi arasında San-Mames stadionunda keçirilmiş və təxminən 50 min tamaşaçının izlədiyi görüşdən cəmi dörd gün sonra baş tutub.
4317947