IQNA

Dünyanın ən qədim minarələrindən biri sökülmək üzrədir

9:52 - July 28, 2024
Xəbər sayı: 3496413
İQNA - İraq hökuməti dünyanın ən qədim minarələrindən biri olan Əl-Xulafa məscidinin minarəsinin bərpası və sökülməsinin qarşısının alınması təklifini təsdiqləyib.

"İQNA", "Bağdad Əl-Yəvm" saytına istinadən xəbər verir ki, Əl Xulafa məscidi İraqın Bağdad şəhərində yerləşən tarixi sünni İslam məscididir.
Bu, Bağdadda ən qədim məsciddir. Minarə Abbasilər xilafətinə aiddir və 1200 ildir ki, tikilib. Son illər İraq hökumətinin səhlənkarlığı ucbatından məscid uçmaq təhlükəsi ilə üzləşib.
İraqın baş nazirliyindən verilən açıqlamaya görə, Nazirlər Kabineti bu ölkənin Mənzil və Şəhərsalma Nazirliyinə Bağdaddakı Əl-Xulafa məscidinin bərpası üçün uyğun üsul seçmək və onu tez bir zamanda həyata keçirməyə icazə verib.
Bağdaddakı Əl-Xulafa məscidi Əl-Mənsur və Əl-Rəsəfa məscidləri ilə birlikdə dörd əsrdən çox Abbasilər dövründə cümə namazının qılındığı ən böyük tarixi məsciddir.
Məscidin ən diqqətəlayiq hissəsi 34 metrlik (112 fut) Abbasi minarəsidir ki, bu minarə hələ də o dövrə aid orijinal formasında dayanır. Minarə orijinal quruluşdan qalan yeganə parçadır. Məscidin cənub-şərq küncündə yerləşdirilib, kərpic və məhluldan hörülüb. Minarə və onun bünövrəsi müqərnəslərlə, minarənin çərçivəsi isə kufi yazıları və İslam həndəsi naxışları ilə işlənmişdir.
Mütəxəssislər son bir neçə ildə Əl-Xulafa məscidinin minarəsində ciddi əyilmə müşahidə edildiyini və tarixi minarənin bərpası və mühafizəsi üçün hələ də xüsusi tədbirlərin görülmədiyini bildiriblər.
İraqlı tarixçi Əli Əl-Nəşimi məscidin hicri 3-cü əsrdə xəlifə Əl-Müktəfi Billahın dövründə tikildiyini və bu gün də dünyanın ən qədim minarələrindən biri olduğunu bildirib.
Bu məscid 1960-cı illərdə təmir edilib, lakin tarixi dəyəri qorunduğundan minarəsi bərpa olunmayıb.
İraqlı tarixçi qeyd edib ki, məscidin vəziyyəti açıq şəkildə diqqətdən kənarda qalıb və hökumət bu tarixi binanın minarəsi açıq-aşkar əyilmiş və uçma ehtimalı olduğuna görə onu qorumaq üçün təcili tədbirlər görməlidir.
Tarixçi onu da qeyd edib ki, Əl Xulafa məscidi zamanla eroziyaya və ya çökməyə məruz qala biləcək qrunt suları olan ərazidə yerləşir.
İllərdir davam edən müharibə və qarşıdurmalar İraqın qədim abidələrini çoxlu itkilərlə üz-üzə qoyub. Bu ölkə Amerika işğalçı qüvvələrinin gəlişindən sonra muzeylərin və bir çox tarixi əsərin talan edilməsinin şahidi olub və İraq hökuməti və səlahiyyətlilərinin bu əsərlərin əksəriyyətini geri qaytarmaq cəhdləri indiyədək heç bir nəticə verməyib.
4228210

Teqlər: İraq ، tarixi məscid ، məscid ، bağdad
captcha