İQNA – Fransada bir məhkəmə, Paris yaxınlığındakı bir məsciddə Quran tilavət edildiyi bəhanəsi ilə onun altı aylıq bağlanması barədə qərarı təsdiqləyib. Bu iş dövlətin İslam etiqad və ibadətlərinə nəzarəti ilə bağlı yeni narahatlıqlar yaradıb.
"İQNA"nın "Middle East Eye" agentliyinə istinadən verdiyi xəbərə görə, Fransada məhkəmə Paris yaxınlığındakı bir məscidin altı ay müddətinə bağlanmasını təsdiqləyib. Bu hadisə dövlətin müsəlmanların etiqad və ibadətlərinə nəzarəti ilə bağlı yeni narahatlıqları gücləndirib.
Montrey İnzibati Məhkəməsi cümə günü "Olne-su-Bua"dakı Şantlup məscidinə qarşı iyul ayında çıxarılmış qərarın dayandırılması ilə bağlı müraciəti rədd edib. Məscid yanvar ayına qədər bağlı qalacaq.
Məscidi təmsil edən insan haqları vəkili Rəfiq Şukat belə bir sual qaldırıb: "Görəsən, Fransadakı məscidlərin vaizləri hələ də İslamın müqəddəs kitabını tilavət etməkdə azaddırlarmı?" Şukat deyib: "Fransada bir imam məsciddə moizə edərkən hələ də Quran oxuya bilərmi?"
O əlavə edib ki, rəsmilər işin bir hissəsini imamların Quranın yeddi ayəsindən sitat gətirməsinə və "Riyazus-Salihin" (Salehlərin bağçası) və "Qırx hədis" kimi İslam ənənəsinin əsas əsərlərinə istinadlarına əsaslandırıblar.
Sözügedən əsas əsərlər İslam dünyasının ən böyük mütəfəkkirlərindən biri hesab olunan XIII əsr suriyalı alim Nəvəvinin əsərləri toplusunun bir hissəsidir.
Şukat bildirib: "Biz etiqad azadlığını, söz azadlığını və dünyəvilik prinsipini müdafiə etmək üçün Dövlət Şurasına (Conseil d'État) apellyasiya şikayəti verəcəyik."
Rəsmilər həmçinin, kilsələrdə və digər ibadət yerlərindəki dini moizələrdə oxşar mövzuların olmasına baxmayaraq, məscidlərdə cəhənnəm və qəbir əzabı (kafirlərə aid olan hissələr) haqqında danışılan xütbələrə də etiraz ediblər.
Hakimlər qərar veriblər ki, Sen-Sen-Deni prefekti Jülyen Şarl məscidi bağlamaqla ibadət və ya söz azadlığının ciddi və aşkar qanunsuz pozulmasına yol verməyib.
Şukat "Frans-Press"ə deyib: "Biz bu qərardan çox məyusuq və onun məzmununa görə çox təəccüblənmişik. Şübhəsiz ki, biz Dövlət Şurasına müraciət edəcəyik." O, hökmün bəzi hissələrinin "tamamilə dini azadlıqların əleyhinə" olduğunu əlavə edib.
Vəkil deyib: "Mən başa düşürəm ki, inzibati hakim Sen-Sen-Deni prefekti ilə mübahisə etmək istəmirdi. İndi düşünürəm ki, Dövlət Şurasında şansımız daha çox olacaq, çünki orada yanaşma bir az daha hüquqi, bir az daha az siyasi olacaq."
Bu qərar Fransa dövlətinin İslam qurumlarına qarşı illərdir artan təzyiqlərinin davamıdır. Fransa rəsmiləri 2022-ci ilin aprelinə qədər 18 ay ərzində 22 məscidi bağlayıblar. Həmçinin, dövlət "Fransada İslamofobiya ilə Mübarizə Kollektivi" və "Baraka City" xeyriyyə təşkilatı kimi İslam qurumlarını ləğv edib. Bu addımlar Fransanın təhlükəsizlik qanunlarından müsəlmanların etiqad azadlığını məhdudlaşdırmaq üçün istifadə etməsi ilə bağlı narahatlıqları gücləndirib.
Sorğulardan birinə görə, Fransadakı hər 10 müsəlmandan 8-i şiddətli nifrətlə üzləşir.
4368805