"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, dörd əsrdən çox tarixi olan və Qahirənin şimal-şərqində yerləşən Birkat Əl-Həcc kəndində yerləşən əlyazma müshəf bəzi məşhur ailələr tərəfindən qorunur.
Hicri 1028-ci (qriqorian 1618) ilinə aid olan bu əlyazma “Mətbuli müshəf” kimi tanınır və kənd sakinlərindən Mahmud Əbdül-Qaffarın ailəsində saxlanılır. Əbdül-Qaffar bildirib ki, o, bu Quranı məscidin təmiri zamanı onu qorumaq üçün evinə aparıb.
Onun dediyinə görə, bu nüsxəni hədiyyə edən Hacı Əli ibn Qənim Həmidə və Hacı Məhəmməd ibn İbrahim ibn Əli Əl-Dimeşkidir.
Əlyazmanın uzunluğu 40 sm, eni 28 sm, çəkisi 5,75 kq-dır. Haşiyələrdə təkcə Quranın mətni deyil, təfsiri və söz mənaları da yer alır.
Əbdül-Qaffar, başda Misir Vəqflər Nazirliyi olmaqla, bir çox qurum və təşkilatların bu Qurani-Kərimi əldə etməyə çalışdığını bildirərək, kəndlilərin məscid imamının əmanət etdiyi əlyazmanın onların himayəsində qalmasını təmin etdiklərini bildirib.
Tarixi əsərlər üzrə ekspert Saber Əl-Qazi bildirib ki, bu əlyazma kənddə ilk İslam əsrlərindən günümüzə qədər gəlib çatan yeganə maddi əsərdir.
Birkatül-Həcc əsrlər boyu Misir və Şimali və Qərbi Afrika ölkələrindən gələn zəvvarlar üçün əhəmiyyətli bir dayanacaq olmuşdur.
Bu tarixi müshəfdə Quranın ayə və surələri ilə yanaşı, Quranın nazil olma şərtləri, surə və ayələrin məkki və mədəni olmaları, eləcə də qabaqcıl alimlərin şərhləri yer alıb.
4230063